Bakı İncəsənət Mərkəzinin 30 yaşı tamam olur

 

 

Ölkəmizdə önəmli incəsənət tədbirlərinin keçirildiyi məkanlardan biri də Bakı İncəsənət Mərkəzidir (BİM). Bu il sənət qurumunun 30 yaşı tamam olur.

Mərkəzin yarandığı 1986-cı il artıq sovet rejiminin sərt qadağalarının yumşalmağa başladığı, Qərb incəsənətinin öndə olan təmayüllərinin ölkəyə ayaq açdığı dövr idi. Bu zaman mədəniyyət xadimlərindən ibarət təşəbbüs qrupu Azərbaycan Yaradıcı Gənclər Assosiasiyasını təsis edirlər. 1988-ci ildə isə həmin assosiasiya Bakı İncəsənət Mərkəzi kimi qeydiyyatdan keçir.

BİM-in baş direktoru Rəfael Gülməmmədli bildirir ki, qurum Bakı Şəhər Xalq Deputatları Sovetində qeydiyyatdan keçmişdi. Onun sözlərinə görə, mərkəz yaradıcı insanlara sərbəst şəkildə özünüifadə imkanı yaratdı. Bu həmin dövrdəki yaradıcı və ictimai təşkilatlarda mövcud olan ideoloji qadağaların tam əksinə idi. Burada rəssam, fotoqraf, memar, ifaçı, bəstəkar, yazar, kino xadimləri və bir çox yaradıcı şəxslərin sərbəst şəkildə sənətlərini nümayiş etdirməsi üçün şərait vardı.

BİM həmin dövrdəki rəsmi-ictimai təşkilatlarda hökm sürən ehkamçılığı aşaraq yaradıcı gənclər üçün yeni üfüqlər açmaqla respublikanın mədəni həyatında canlanma yaratdı. İllər ötdükcə mərkəzin fəaliyyəti genişləndi. BİM irimiqyaslı layihələrilə nəinki respublikada, eləcə də ölkəmizdən kənarda tanındı.

Bakı İncəsənət Mərkəzi bu gün ölkənin mədəni həyatında fəallığı ilə seçilir, sosial, bədii və humanitar sahələrdə, ekologiya, uşaq yaradıcılığı, milli irsin qorunması və regionların mədəni inkişafı ilə bağlı bir çox layihə və ideyaların təşəbbüskarı kimi çıxış edir. BİM-in prezidenti, Xalq rəssamı, görkəmli heykəltəraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovdur.

Mərkəzin nəzdində təsviri sənət, foto, musiqi, memarlıq və kompüter qrafikası bölmələri fəaliyyət göstərir. Mərkəz hər hansı maraqlı təklifə, əməli məzmunu olan ideyalara həmişə açıqdır. Tanınmış şirkətlərin mərkəzlə qurduğu əməkdaşlıq təkcə incəsənət və mədəniyyət sahələrini deyil, həmçinin geniş mənada sosial problemləri və humanitar məsələləri də əhatə edir.

Qurumun ilk tədbiri 1986-cı ildə Azərbaycan Memarlar İttifaqının binasında təşkil olunan sərgi olub. 30 il ərzində yüzlərlə tədbir keçirilib.

1990-cı ildə BİM-in indi yerləşdiyi ünvanda (Ə.Əliyev küçəsi, 4/6) qalereyanın açılışı olur. Bura indiYeni qalereya” adıyla fəaliyyət göstərir. Qalereya hər gün tamaşaçılara xidmət edir. Burada il boyu rəssamların fərdi sərgiləri keçirilir. Eləcə də sənətsevərlər hər zaman burada çağdaş rəssamlarımızın yaradıcılığı ilə yaxından tanış ola bilirlər.

BİM ölkəmizi çoxlu beynəlxalq mədəni tədbirlərdə təmsil edib, rəssamlarımızın xaricdə sərgilərini keçirib. Burada Rasim Babayev, Hüseyn Əliyev, Qəyyur Yunus, Mayis Ağabəyov, Adil Rüstəmov, Eldar və Məlik Ağamalovlar, Heybət Babayev, Elçin Əliyev, Kamal Əhməd, Əli Əliyev, Yusif Mirzə, İlqar Əkbərov və başqalarının fərdi sərgiləri keçirilib. Eləcə də xarici rəssam, fotoqraf, memar və musiqiçilərlə bağlı tədbirlər düzənlənib.

Bu ilin sonuna kimi BİM Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə mərhum rəssam Bədurə Əfqanlının 105 illiyinə həsr olunmuş sərgi və kataloqun təqdimatını keçirəcək. Mərkəz həm də illər boyu keçirdiyi plakat müsabiqələrində toplanan 300-ə qədər əsəri Mədəniyyət və Turizm Nazirliyinə hədiyyə etmək fikrindədir.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.13.