Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri

 

 

Elmi-praktik konfrans keçirilib

 

Sentyabrın 14-də AMEA-nın əsas binasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi münasibətilə elmi-praktik konfrans keçirildi.

“Məhəmmədhüseyn Şəhriyarın sənət dünyasının üfüqləri” adlı tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli giriş sözüylə açaraq görkəmli şairin zəngin ədəbi irsindən bəhs etdi. Akademik Şəhriyarın irsinin dərindən öyrənilməsi baxımından konfransın əhəmiyyətini qeyd etdi.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin qeyd etdi ki, Şəhriyar Şərq poeziyasının böyük şəxsiyyətlərindən biri olmaqla qüdrətli söz ustadıdır: “Onun bütün irsi dünya mədəniyyəti və ədəbiyyatının bənzərsiz incisidir”.

Ölkəmizdə fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimli bildirdi ki, Şəhriyarı XX əsr Azərbaycan poeziyasının zirvələri sırasına ucaldan “Heydərbabaya salam” poeması olub.

Akademik Vasim Məmmədəliyev, Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ərdəbil Universitetinin professoru Əhməd Farşfab və başqaları Şəhriyarın yaradıcılığından geniş söz açaraq onun hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əvəzsiz şəxsiyyət olduğunu bildirdilər. Konfrans boyu iştirakçılara şairin həyat və yaradıcılığını əks etdirən dolğun slayd təqdim edildi, şairin öz səsində şeirləri səsləndirildi.

Tədbir çərçivəsində AMEA-nın Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Sənədi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi imzaladılar.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.15.