Fransa paytaxtında “Azərbaycan şəhərciyi”nin açılışı olub

 

 

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

 

Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılış mərasimində Parisin 7-ci rayonunun meri Raşida Dati çıxış edərək bu şəhərcik vasitəsilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə ümidvar olduğunu deyib. O, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ölkələrimiz arasındakı münasibətlərin inkişafına Heydər Əliyev Fondunun töhfəsindən, Azərbaycanın qədim tarixə malik müasir ölkə olmasından danışıb.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirib ki, artıq üçüncü ildir Parisdə bu layihə uğurla həyata keçirilir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Bu il Azərbaycanın müstəqilliyini bərpa etməsinin 25 ilinin tamam olduğunu diqqətə çatdıran M.Əliyeva bu illər ərzində ölkəmizin bir çox nailiyyətlərə imza atdığını vurğulayıb. Qeyd olunub ki, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb: “Bu ənənələr qorunub saxlanır. Bu gün Azərbaycan dözümlülük və tolerantlıq məkanı kimi dünyada tanınıb. Biz tariximizə, dinimizə, mədəniyyətimizə böyük hörmət bəsləyərək dünya mədəniyyəti müxtəlifliyinə və dünyanın digər dinlərinə və mədəniyyətlərinə böyük hörmətlə yanaşırıq”.

Bildirilib ki, Azərbaycan Fransa ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir. Təkcə son 5 il ərzində Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 13 qardaşlaşma sazişi imzalanıb. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Humanitar sahədə əməkdaşlıq tamamilə yeni bir səviyyəyə qaldırılıb: “Mən əminəm ki, humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr bizim xalqlarımızı bir-birinə daha yaxın edir. Məhz ona görə biz belə layihələri Fransada həyata keçirməyə çalışırıq ki, ölkəmizi tanıdaq. Ümidvar olduğumu bildirirəm ki, bizim burada çalışıb yaratdığımız Azərbaycan mühiti sizin qəlbinizdə xoş duyğular oyadacaq və ölkələrimiz arasında növbəti körpüyə çevriləcək”.

Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, “Azərbaycan mətbəx mədəniyyəti” kitabının müəllifi, Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann çıxış ediblər.

* * *

Sonra iştirakçılar “Azərbaycan şəhərciyi” ilə tanış olublar. Şəhərcikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür.

Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilir.

Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər - batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur.

Şəhərciyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə genişdolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilirqonaqlara hədiyyə olunur.

Bir günəş altında” layihəsi çərçivəsində açılan sərgidə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film nümayiş olunur.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində fransız fotoqraflar Samuel QratakaJan-Fransua Rozyenin hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını əks etdirən fotoları təqdim olunur.

Şəhərcikdə ilk dəfə olaraq həm də “Turizm mərkəzi” layihəsi təqdim olunur. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilir.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” kitabının təqdimatı da olub. Nəşrdə xalqımızın zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilir.

Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.

Azərbaycan mətbəxinin təbliğ olunduğu hissə də böyük maraqla qarşılanır. Burada milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunur.

Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı böyük maraqla qarşılanıb.

Şəhərcikdə fəaliyyət göstərən restoranda Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları, qida məhsulları yarmarkasında ölkəmizdə istehsal olunan məhsullar təqdim olunur.

Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.2.