“Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqunun təqdimatı

 

 

Sentyabrın 20-də Muzey Mərkəzində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqunun təqdimatı keçirildi.

Kataloq Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlər üzrə hazırlanıb.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək layihənin əhəmiyyətindən söz açdı. Bildirildi ki, ideya bir neçə il əvvəl yaranıb. Layihə əsasında indiyə kimi 34 broşür hazırlanaraq çap edilib. Təqdim olunan nəşrlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan bəstəkarlar və musiqişünaslar haqqında məlumatlar yer alıb. Layihənin davam etdiriləcəyini diqqətə çatdıran Z.Qafarova daha 18 broşürün çapa hazırlandığını dedi.

“Şərq-Qərb” nəşriyyatında çap olunan broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Emin Sabitoğlu, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Zemfira Səfərova, Rəna Məmmədova və digərləri haqqında məlumatlar yer alıb. Vurğulandı ki, bu nəşrlər musiqi tədrisi üçünböyük əhəmiyyətə malikdir.

Layihə üzrə hazırlanmış elektron kataloqun müəllifi, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov bildirdi ki, kataloqa broşürlərdə yer alan məlumatlarla yanaşı, bəstəkar və musiqişünasların əsərləri də daxil edilib. Qeyd olundu ki, elektron kataloqa gələcəkdə hazırlanacaq broşürlər üzrə məlumatlar da əlavə ediləcək. Daha sonra kataloq tədbir iştirakçılarına təqdim edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.3.