Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyi qeyd olundu

 

 

Sentyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbiri keçirildi. Tədbir Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşdu.

Yubiley gecəsi ansamblın keçdiyi yolu özündə əks etdirən fotolardan ibarət slaydın nümayişi ilə başlandı.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək kollektivə təbriklərini çatdırdı. Bildirdi ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Üzeyir bəylə yanaşı Azərbaycanın tanınmış bəstəkarlarından Süleyman Ələsgərov, Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa tanınmış rəqs ustaları yetişib. Vaxtilə bu ansamblda görkəmli səhnə ustalarımız Nəsibə Zeynalova, Leyla Bədirbəyli çıxış ediblər. 2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.

Nazir müavini bildirdi ki, ansamblın çiçəklənmə dövrü maestro Niyazi və Şəmsi Bədəlbəylinin Dövlət Filarmoniyasına rəhbərlik etdiyi illərə təsadüf edir. 1938-ci ildə Moskva dekadasında, Böyük Vətən müharibəsi illərində ön cəbhədəki çıxışlar, 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülməsi bu ansamblın fədakar əməyinin və Azərbaycan musiqi mədəniyyətinin təbliğində müstəsna xidmətlərinin nəticəsi idi. 1992-ci ildə kollektivə böyük bəstəkarımız Fikrət Əmirovun adı verilib.

Ədalət Vəliyev diqqətə çatdırdı ki, Azərbaycan mədəniyyətinin və yaradıcı insanların böyük hamisi ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə “Üzeyir musiqi günükimi qeyd edilir. Bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə böyük diqqət və qayğı göstərirlər. Həm klassik, həm də milli musiqiyə diqqət sayəsində müxtəlif kollektivlər fəaliyyətlərini uğurla davam etdirirlər.

Qeyd olundu ki, ötən illər ərzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı zəngin bir inkişaf yolu keçib. Xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində ansambl uğurla çıxış edir, həmçinin tanınmış mahnı və rəqs ustaları bu kollektivdən pərvazlanıb ölkəmizi dünya səhnələrində təmsil edirlər. Kollektiv 60-dan çox ölkədə qastrol səfərində olub. Azərbaycan Dövlət Televiziyasının “Qızıl fondunda milli adət-ənənələrlə bağlı xroniki süjetlər məhz bu ansamblın bazasında lentə alınıb.

Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın baş katibi Düsen Kaseinovun adından kollektivə təbriklərini çatdırdı. Qurumun xətti ilə kollektivin UNESCO-nun binasında çıxış etdiyini, türk dünyasında yaxşı tanındığını vurğulayan E.Qafarlı bədii rəhbər Ağaverdi Paşayevə TÜRKSOY-un plaketini, kollektivin veteranlarına isə təşəkkürnamələr təqdim etdi.

Yubiley tədbirində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət və başqalarının video təbrikləri təqdim edildi.

Kollektivi təbrik edənlər arasında Konstantin Moskoviç (Moldova), “Günaymilli rəqs ansamblı, “Qulbanu” rəqs ansamblı, “Səhər” milli rəqs ansamblı (İran), Türkiyə Dövlət Xalq Rəqsləri Ansamblı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Cəngi” estrada folklor ansamblı da yer alırdı.

Sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında mahnı və rəqslər təqdim edildi. Bir-birindən gözəl ifalar 80 yaşlı kollektivin yubileyinə əsl sənət töhfəsi oldu, tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Onu da qeyd edək ki, ansamblın bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev jurnalistlərə açıqlamasında yubiley mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirdi. Vurğuladı ki, kollektivin gənc və istedadlı üzvlərinin musiqi mədəniyyətimizə sevgisi sayəsində onun gələcəyinə ümidlər də böyükdür.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.5.