“Üç
məkan" II Şəki
Beynəlxalq Teatr Festivalı
Xoş xatirələr qəfil qırılmış
mirvari boyunbağıya
bənzər
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı
və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə gerçəkləşən
"Üç məkan"
II Şəki Beynəlxalq
Teatr Festivalı davam edir. Sentyabrın
15-də start verilən
festivalda yeddi ölkənin (Azərbaycan,
Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb
Əmirlikləri) 12 teatrı
iştirak edir. Tamaşaların 8-i Şəki şəhərində,
3-ü Mingəçevirdə, 1-i isə Bakıda göstəriləcək.
Sentyabrın 16-da, festivalın ikinci
günü Birləşmiş
Ərəb Əmirliklərinin
Əl-Əhli Dubay Teatrı Şəki Dram Teatrının səhnəsində
"Mirvari günlər"
tamaşasını təqdim
etdi.
Bəri
başdan deyək ki, Azərbaycan insanına ərəb teatrı ifadəsi çox söz demir. Halbuki, bütün Şərqdə
olduğu kimi, bir zamanlar Ərəbistan
yarımadası ərazisində
də bizim xalq teatrını xatırladan teatr tamaşaları göstərilib.
Ərəb xalq tamaşa-oyun
göstərisi daha çox musiqi ifaçılığı və
rəqs üzərində
qurulduğundan zaman-zaman
dinin təsirinin güclənməsi səbəbindən
zəifləyib. Əsrlər sonra Avropa ilə
daha sıx münasibəti olan, yaxud avropalıların təsiri altında qalan ərəb ölkələrində teatr
inkişaf etsə də, öz ənənəvi simasını
itirib.
Son onilliklərdə sürətli
iqtisadi sıçrayış
dövrünü yaşayan
Birləşmiş Ərəb
Əmirliklərində də
ərəb teatrı təkrar yaranış mərhələsini yaşayır. Hər halda
bir neçə beynəlxalq sənət,
o cümlədən də
teatr festivallarının
keçirildiyi ölkədə
müasir tərzli teatrın yaranması və onların bütün dünyada qəbul ediləcək əsərlər səhnələşdirmək
meyli alqışlanmalıdır.
Əl-Əhli Dubay Teatrı Şəkiyə gətirdiyi
"Mirvari günlər"i
müəllif tamaşası
da adlandırmaq olar. Əsərin müəllifi və
quruluşçu rejissoru
Naci Əlhaydır.
İki aktrisanın - Bədriyyə
Əhməd və Budur Muhəmmədin iştirak etdiyi tamaşa nostalji hislərin izharı kimi qurulub.
...Bir zamanlar Lulu (Bədriyyə Əhməd)
çox xoşbəxt
olub. Ərinin sayəsində firavan
həyat yaşayıb,
heç nəyin dərdini çəkməyib.
Yeganə qızının da İngiltərədə
təhsil almasında təkid edib. Amma indi dövran dəyişib. Fırıldaqla, cinayətlə varlanmış
əri vəfat edib, ərinin şəriki onun bütün sərvətini
əlinə keçirib,
özü də yataq xəstəsinə çevrilmək azmış
kimi, yaddaşını
da itirib. Əlil arabasına məhkum olmuş qadının yeganə məşğuliyyəti
davamı gəlməyən
xoş günləri xatırlamağa çalışmaqdır.
Süzanın (Budur Məhəmməd) emosional vəziyyəti daha ağırdır. Həyata təzəcə
atıldığı bir
yaşda atasızlıq,
yoxsullaşmaq onun bütün gözləntilərinin
üstündən xətt
çəkib. Bu azmış kimi, İngiltərədə təhsil
alarkən Süzan balet ilə maraqlanmağa başlayıb,
özünü bu sənətə həsr etmək niyyətindədir.
Amma nə yazıq ki, o, sənət meylinin heç də təqdir olunmadığı vətənə
qayıtmağa, yoxsul
bir komaya sığınaraq, xəstə
anasına qulluq etməyə məcburdur.
... Tamaşa Süzanın rəqsi ilə başlayır.
Səhnəyə düşən dairəvi
işıq yalnız qara geyimli qızı
işıqlandırır. Süzan rəqs elementlərini yerinə yetirdikcə işıq onu izləyir, dairə genişlənmir. Rejissor
bununla demək istəyir ki, əsərin qəhrəmanının
öz ürəyincə
hərəkət edə
biləcəyi məkan
çox dardır... Bu ismarış tamaşaçını
Süzanın çətinlik
və gərginliklər
içində hələ
çox çabalayacağına
hazırlayır.
Bəlkə də buna görə
tamaşa boyu dəfələrlə özündən
çıxan, əsəblərini
cilovlamağa gücü
çatmadığından yalnız keçmişi xatırlayaraq, onu qıcıqlandıran anasına
əl qaldırmaq məqamına yetişən,
lakin son anda özünü toparlayan Süzanı seyrçi qınamır. Özünü onun yerində
təsəvvür edərək,
gənc qızın hövsələsinin daralmasına,
isterikasına anlayışla
yanaşır.
...Müdrik insanlardan
kimsə deyib ki, xoş xatirələr qəfil
qırılmış mirvari
boyunbağıya bənzər. Elə hey
çalışarsan ki, onları nizamla sapa düzəsən,
yenə görərsən ki,
boyunbağı əvvəlki görkəmini almır. Naci Əlhay da "Mirvari günlər"lə demək istəyir
ki, əvvəldən ömrünüzün
günlərinin inci, mirvari
saflığını qoruyun ki, qırılmış boyunbağını
yenidən sapa düzməyə gərək
qalmasın.
Mədəniyyət.- 2016.- 21
sentyabr.- S.6.