“Kütləvi xoşbəxtlik” və "Dəli yığıncağı"

 

Festivalın iki tamaşası Mingəçevirdə nümayiş olunub

Sentyabrın 16-da festivalın daha bir iştirakçısı - İranın "Neğab" teatrı Mingəçevir Dövlət Dram Teatrında “Kütləvi xoşbəxtlik” tamaşasını təqdim edib.

Tamaşa sənətin ölməzliyindən bəhs edir. Belə ki, xanın həyat yoldaşı 250-300 il yaşamış sənətkarı görür, bunun sirlərini öyrənməyə çalışır. Təəssüf ki, xanın hərəmlərindən biri vəzirlə əlbir olub, xanımın yediyi paxlavaya zəhər qatır. Dünyasını dəyişən xanım o biri dünyada da həmin sənətkarlarla qarşılaşır və onların ölməzliyinin sirlərini öyrənməkdən vaz keçmir. Bu dəfə sənətkarlar sirlərini ona açırlar. İzah edirlər ki, 250-300 il bundan əvvəl ölsələr də, onların sənəti ölməyib, daima xalqın yaddaşındadır.

Tamaşa böyük maraq və alqışla qarşılanıb. İranlı sənət adamları qonaqpərvərliyə görə şəhərin və teatrın rəhbərliyinə təşəkkürlərini bildiriblər. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edib.

Sentyabrın 19-da isə Gəncə Dövlət Dram Teatrı İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərini mingəçevirli sənətsevərlərə nümayiş etdirib. Ötən teatr mövsümündə Gəncə teatrının Bakı qastrolu zamanı bu tamaşa paytaxt sənətsevərləri tərəfindən maraqla qarşılanmışdı. Mingəçevir teatrsevərləri Gəncə kollektivinin oyununu rəğbətlə qarşılayıblar.

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.6.