Üzeyir bəyin evində Qürbətdən gələn səslərin təqdimatı

 

Kitab Ceyhun Hacıbəylinin arxiv sənədləri əsasında hazırlanıb

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Ceyhun Hacıbəylinin mühacirət həyatından bəhs edən Qürbətdən gələn səslər kitabının təqdimatı oldu.

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Hacıbəylilər ailəsinin sonbeşiyi olan Ceyhun Hacıbəylinin mühacirət həyatından danışdı.

Bildirdi ki, kitab Ceyhun Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədləri, məktublar və digər mənbələrdən əldə edilən sənədlər əsasında ərsəyə gəlib. Nəşr arxivin direktor müavini, tərcüməçi-jurnalist Aslan Kənanın tərcüməsi sayəsində işıq üzü görüb. Əlli illik dövrü (1912-1962) əhatə edən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə bərabər, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar və Azərbaycanda baş verən hadisələr öz əksini tapıb.

Tədbirdə çıxış edən kitabın tərtibçisi Aslan Kənan qeyd etdi ki, nəşr Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanıb.

Kitabın redaktoru, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov nəşrin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, kitab tədqiqatçılara tariximizin çox dəyərli və az öyrənilmiş məqamları ilə tanış olmaq imkan yaradır. O da diqqətə çatdırıldı ki, 90-cı illərin əvvəllərində ölkəmizin UNESCO-dakı nümayəndəsi Ramiz Abutalıbov Ceyhun Hacıbəylinin bir sıra arxiv sənədlərini Fransadan vətənə gətirib. O, bu missiyanı üzərinə götürməklə mühacir həyatı yaşamış bir çox şəxslərə aid olan sənədləri də ölkəmizə gətirməyə müvəffəq olub. Həmin sənədlər arasında Ceyhun bəyin ayrı-ayrı siyasi xadimlərlə yanaşı, qardaşı, dahi bəstəkar Üzeyir Hacıbəyliyə məktubları da diqqəti cəlb edir.

Şair, ədəbiyyatşünas Ənvər Əhməd, Əməkdar jurnalist Telman Qarayev, tanınmış ziyalılar Çingiz Fərəcov, İnqilab Nadirli və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşdülər, Üzeyir bəyə həsr olunan əsərlərini muzeyə hədiyyə etdilər.

Tədbirdə musiqiçilərin ifasında Üzeyir Hacıbəylinin Koroğlu operasından Koroğlunun ariyası, Sevgili canan romansı, Arazbarı, Aşıqsayağı və digər musiqi əsərləri səsləndirildi.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.10.