Rəssam Sənubər Səmədovanın yubiley sərgisi

 

 

Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda qrafik-rəssam Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi sərgisi açıldı.

Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən sərgini ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq müəllifin yaradıcılığı haqqında ürək sözlərini bildirdi. O, rəssamın 60 illiyi münasibətilə təşkil olunan sərginin sənətsevərlər üçün hadisə sayıldığını, əsərlərin yüksək yaradıcılıq örnəyi olduğunu vurğuladı.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssam S.Səmədovanın əsərlərinin bədii özəlliklərindən bəhs etdi, onun müxtəlif janrlarda ustalıqla əsərlər yaratdığını bildirdi.

ARİ-nin qrafika bölməsinin rəhbəri Həmzə Abdullayev S.Səmədovanın tanınmış qrafika ustası olduğunu söylədi, rəssamın əsərlərindəki mövzu rəngarəngliyinə diqqət çəkdi.

Başqa çıxış edənlər də rəssamın insani və yaradıcı keyfiyyətlərindən söz açdılar, onu yaradıcı şəxs kimi yüksək dəyərləndirdilər.

Sonda rəssam Sənubər Səmədova sərginin keçirilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.

ARİ-nin sədri F.Xəlilov yubilyara diplom və xatirə hədiyyəsi təqdim etdi. Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə rəssamın qrafika və dekorativ-tətbiqi sənət sahəsində yaratdığı 200-ə qədər əl işi nümayiş olunur. Bu, rəssamın üçüncü fərdi sərgisidir.

Bildirək ki, S.Səmədova 1955-ci ildə Bakıda anadan olub. 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1983-1987-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. 1997-ci ildən ARİ-nin üzvüdür. O, qrafika, dekorativ-tətbiqi sənətlə məşğul olur. 20 ildən artıqdır ki, teatr rəssamı kimi fəaliyyət göstərir. Hazırda Dövlət Pantomima Teatrında baş rəssamdır.

Sərgi bir həftə davam edəcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.11.