Heykəltəraş, rəssam, naşir

 

 

 Müslüm Eldarov - 60

 

Sentyabrın 17-də tanınmış heykəltəraş, rəssam Müslüm Eldarovun doğum günü idi. Yaşasaydı, 60 yaşını qeyd edəcəkdi...

O, 1956-cı ildə Bakıda məşhur heykəltəraş Ömər Eldarovun ailəsində dünyaya göz açıb. 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1975-1981-ci illərdə Rusiya Rəssamlıq Akademiyasında təhsil alıb.

1982-1986-cı illərdə heykəltəraş M.K.Anikuşinin rəhbərliyi ilə aspiranturada oxuyub.

Müslüm Eldarov 1986-cı ildə Azərbaycanda Yaradıcı Gənclər Assosiasiyasının qurulmasında iştirak edibqurumun rəhbərlərindən biri olub. 1987-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya biennalesində bürünc mükafata layiq görülüb.

Heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri müxtəlif illərdə Azərbaycanda və xaricdə təşkil olunan sərgilərdə nümayiş etdirilib.

Rəssam 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində “Humay” qalereyasını (1997) yaradıb. Həmin il beynəlxalq “Caspian” jurnalının nəşrinə başlayıb. “Great Silk Road World” beynəlxalq informasiya agentliyini (1999), “Anglo Caspian Publishing Ltd” beynəlxalq nəşriyyat evini (2000) yaradıb. 2001-ci ildə onun təşəbbüsü ilə Bakıda ilk beynəlxalq foto müsabiqəsi keçirilib. O, 1991-2003-cü illərdə Bakı İncəsənət Mərkəzinin vitse-prezidenti olub. Müslüm Eldarov 2003-cü ildə vəfat edib.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 21 sentyabr.- S.14.