Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı

 

 

"Vaqif"lə "yeni görüşlərədək" dedik, əlvida demədik

 

Sentyabrın 22-də “Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı. Sentyabrın 15-dən davam edən teatr bayramının sonuncu günü səhnə festival sahiblərinin ixtiyarında idi.

 

S.Rəhman adına Şəki Dövlət Dram Teatrı Səməd Vurğunun "Vaqif" pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim etdi. Tamaşaya yaradıcı fəaliyyətini Moskvada davam etdirən Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayev quruluş verib. Məşhur dram əsərinin mətninə əsl gerçək tarixi faktların əlavə olunduğu mənzum mətnin müəllifi Vaqif Aslan və Mərdan Feyzullayevdir.

Tamaşada iki böyük qonşu dövlət arasında çırpınan Azərbaycan xanlıqlarının müstəqil dövlətçilik istəyi ön plana çəkilib. Pyesdə bu xəttin inkişafına xidmət etməyən yanaşı xətlər və personajlar - o cümlədən bütün qadın obrazları ixtisara salınıb. Əsas rollarda əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə və İqrar Salamov, aktyorlar İlyas Əsədov, Akif Yusifov, Aydın Əlibabayev və Rəhim Qocayev çıxış edirlər.

Çox diqqətli və həssas, o cümlədən hər hansı teatr yeniliklərinə açıq olan Şəki tamaşaçıları doğma kollektivin səhnə əsərini də alqışlarla qarşıladılar.

Tamaşadan sonra festivalın bağlanış mərasimi oldu. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Şəki teatrının kollektivinə şəhər İcra Hakimiyyətinin Mədəniyyət Turizm Nazirliyinin xatirə hədiyyəsi diplomu təqdim olundu. Həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin Mədəniyyət Turizm Nazirliyinə xatirə hədiyyəsi nazirliyin İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzovaya təqdim edildi.

Bununla da "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalı yekunlaşdı. Xatırladaq ki, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən festivalın proqramına yeddi ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran Birləşmiş Ərəb Əmirlikləri) 12 teatrın tamaşaları daxil idi. Təşkilatçılardan asılı olmayan bir sıra səbəblər üzündən İstanbul Bələdiyyə Teatrının Bakıda oynayacağı tamaşalar təxirə salındı. Qalan tamaşaların 8-i Şəki şəhərində, 3-ü Mingəçevirdə göstərildi.

Xoşluqla qal, gözəl qədim Şəki! Növbəti festivallarda görüşənədək!

 

Gülcahan Mirməmməd

Şəki

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.2.