Paytaxtdakı incəsənət məkanında regionların növbəti təqdimatı

 

Ağstafa, Qazax və Tovuz rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının sərgisi

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyul ayında paytaxtın Nizami küçəsində yaradılan incəsənət məkanı fəaliyyətini davam etdirir. Rəssamların əl işlərinin satış-sərgisi keçirilən bu məkana həm şəhər sakinləri, həm də paytaxtın qonaqları həvəslə baş çəkirlər.

Avqust ayından başlayaraq burada həmçinin Azərbaycanın regionlarının dekorativ-tətbiqi sənətinin nümayişi, folklor kollektivlərinin çıxışları təşkil olunur. Bu tədbirlərin təşkilində məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq, onları paytaxt sakinlərinə, qonaqlara təqdim etməkdir.

Sentyabrın 22-də Ağstafa, Qazax və Tovuz rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olundu.

Musiqili-əyləncəli tədbirdə Ağstafa rayonundan Dastan aşıqlar ansamblı, Qazax və Tovuz rayonlarından aşıq qrupları və digər folklor kollektivləri çıxış etdilər.

Qeyd olunan rayonlardan gəlmiş sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka zənginliyi ilə seçilirdi. Sərgidə Ağstafa rayonu 60, Qazax rayonu 40, Tovuz rayonu isə 50-dən artıq sənət əsəri ilə təmsil olunurdu.

Konsert və sərgi-yarmarka paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, bu tədbirlərin oktyabr ayının ortalarına qədər keçirilməsi nəzərdə tutulur. Ötən müddətdə burada Şamaxı rayonunun Şirvan, İsmayıllı rayonundan Lahıc folklor, Qəbələdən Zopu-Zopu etnoqrafik folklor rəqs ansambllarının, habelə Şəki, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarının folklor kollektivlərinin konsertləri və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.3.