Britaniya səfiri Qəbələnin tarixi məkanları, turizm obyektləri ilə tanış olub

 

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts Qəbələ rayonuna səfər edib.

Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, rayonda sürətlə inkişaf edən turizm infrastrukturu ilə yanaşı, mövcud istehsal müəssisələri bu füsunkar gözəlliklərə sahib məkanın iqtisadi inkişafının artmasında müstəsna rol oynayır. Regionun təbii gözəlliyi və qonaqpərvərliyindən bəhs edən S.Abdullayev Qəbələnin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də vurğulayıb.

Qəbələ rayonu ilə tanışlığından məmnunluğunu ifadə edən xanım Karol Krofts bölgənin füsunkar məkan olduğunu söyləyib.

Səfir Azərbaycan ilə Britaniya arasında siyasi, iqtisadi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində sıx münasibətlərin olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir.

Səfər çərçivəsində diplomat rayonun tarixi-mədəni məkanları ilə yaxından tanış olub, sənaye müəssisələri və turizm sektoru ilə maraqlanıb. Qonaq Beltmann piano fabriki, Heydər Əliyev Konqres Mərkəzi, Bum qəsəbəsindəki StendOx Atıcılığı Kompleksi, Nic qəsəbəsində Cotari Udi-alban kilsəsi, Qafqaz Karvansaray hoteli ilə tanış olub, rayondan xoş təəssüratlarla ayrılıb.

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.8.