Gənc Tamaşaçılar Teatrının aktyoru növbəti festivala dəvət alıb

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev növbəti beynəlxalq tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu dəfə aktyor Moskvada keçiriləcək Territoriya XI Beynəlxalq müasir incəsənət festival-məktəbində ölkəmizi təmsil edəcək.

Festival-məktəb oktyabrın 10-dan 20-dək Rusiya Federasiyası Mədəniyyət NazirliyininMoskva Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq.

Layihənin məqsədi iştirakçıları müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir.

Məlumat üçün bildirək ki, Eşqin Quliyev ötən il Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq yay teatr məktəbində və Moskvada keçirilmiş Artmiqrasiya 2015 III Ümumrusiya gənclərinin teatr forumunda iştirak edib.

 

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.10.