Tamaşaçı zövqünü nəzərə almağa məcburuq

 

Karvan art qalereyasının bir yaşı tamam oldu

 

Karvan art qalereyası ötən il sentyabrın 22-də açılıb. Qalereyanın direktoru Təhminə Qəhrəmanova söyləyir ki, əsas məqsədləri müxtəlif nəsillərə mənsub Azərbaycan rəssamlarının əsərlərinin satış-sərgisini təşkil etməkdir: Düzdür, bu sahədə güclü rəqabət var, ancaq bizim yerləşdiyimiz ərazidə (Xaqani küçəsində) qalereya yoxdur. Ayda 5-8 əsər alınır. Əcnəbilər daha çox əsər almağa maraq göstərirlər. Müştərilər əsasən qədim Bakı ilə bağlı tablolar, natürmort, mənzərələr alırlar. Qalereya əsasən müştərilərin zövqünü nəzərə alır.

T.Qəhrəmanova bildirir ki, qalereyada tanınmış rəssamlarla yanaşı, sənətə yeni ayaq basmış rəssamların əsərləri sərgilənir: Tamaşaçı zövqünü nəzərə almağa məcburuq. Əgər bura sırf yaradıcı işləri yığsaq, onda müştəriləri qaçıra bilərik. Bizdə hələ insanlarımızın rəsm haqqında düşüncələri yetərincə deyil. Görürsən ki, mədəni geyinmiş bir adam mənzərəni göstərib soruşur: Bu portret neçəyədir? Bizdə Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Zakir Hüseynovun əsərləri var. Rəsm alıcıları müxtəlif olur. Bir görürsən alıcı özüylə rəssam, ekspert gətirir, aldığının həqiqi sənət əsəri olduğuna inanmaq istəyir.

İndiyəcən qalereya üç sərgi keçirib, onlardan biri uşaqların əl işlərinə həsr olunub.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 23 sentyabr.- S.15.