Ölkəmiz türk dünyası aşıq sənəti simpoziumunda təmsil olunub

 

Sentyabrın 23-dən 25-dək Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) təşkilatçılığı ilə Türk dünyası aşıq sənəti simpoziumu və mədəniyyət şöləni keçirilib.

 

Özbəkistan, Qazaxıstan, Gürcüstan, İran və digər dövlətlərdən elm və sənət adamlarının, aşıqların, şairlərin, folklor və rəqs qruplarının qatıldığı tədbirdə Azərbaycandan böyük nümayəndə heyəti iştirak edib. Heyətdə Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, professor Məhərrəm Qasımlı, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərliyi ilə Çeşmə folklor qrupu və Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva da yer alıb.

Tədbirin açılışında Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy Qafqaz mədəniyyətinin, bütövlükdə aşıq sənətinin, o cümlədən də Borçalı və Qars aşıq sənətinin qorunması və inkişaf etdirilməsini, həmçinin bu sənətin Aşıq Şenlik qolunun qorunub-saxlanılmasını vacib hesab etdiyini bildirib. Qars Qafqaz Universitetinin rektoru Sami Özcan rəhbərlik etdiyi universitetin nəzdində Aşıq sənətinin araşdırılması fakültəsinin açıldığını bildirib.

AAB-nin sədri, professor M.Qasımlı simpoziumda Borçalı Qarapapaq aşıqlıq ənənəsi: dünəni və bu günü mövzusunda elmi məruzə ilə çıxış edib. Borçalı İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədli, AMEA Foklor İnstitutunun elmi əməkdaşları Tacir Qurbanov, Nazim Mustafa və Sönməz Abbaslı, eləcə də Türkiyənin Qars və Ərdahan universitetlərində çalışan professorlar Şurəddin Məmmədli, Rafiq İmrani və Gülnarə Qocayeva-Məmmədli də müxtəlif mövzularda elmi məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.4.