“İşığa gedən yol

 

 

Yazıçı-publisist Sona Vəliyevanın Həsən bəy Zərdabi haqqında romanının imza günü və təqdimat mərasimi

 

Sentyabrın 23-də Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabiyə həsr olunmuş “İşığa gedən yol” romanının imza günü və təqdimat mərasimi keçirildi.

 

Əvvəlcə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “açıq kitabxana” guşəsində müəllif kitabı imzalayaraq oxuculara hədiyyə etdi.

Konfrans zalında təşkil olunan təqdimat mərasimini kitabxananın direktoru Kərim Tahirov açaraq “İşığa gedən yol” romanı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Sona Vəliyeva Həsən bəy Zərdabi haqqında böyük bir roman ərsəyə gətirməklə sanki bu maarifpərvər insana heykəl ucaldıb. Romanda Zərdabinin ömür yolu zərgər dəqiqliyi ilə təsvir edilir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Həsən bəy Zərdabinin milli mətbuatımızın yaranmasında əvəzsiz xidmətlərindən söz açdı. Bildirdi ki, böyük maarifçinin həyat və fəaliyyətindən bəhs edən roman bədii cəhətdən mükəmməl, oxunaqlı, xüsusilə gənclər üçün ibrətamiz bir əsərdir. Tarixi şəxsiyyətlərimiz haqqında belə əsərlərin yazılması təqdirəlayiqdir: “Həsən bəy Zərdabi haqqında məqalələr, qısa filmlər olsa da, onun həyatını ətraflı əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolunun bu cür geniş şəkildə təsvir edilməsi çox sevindirici haldır. Romanın dili o qədər sadə və rəvandır ki, oxucular çox rahatlıqla hadisələri başa düşür. Əsər Həsən bəyin həyatını, eləcə də tariximizi öyrənmək istəyənlər üçün gözəl bir mənbədir”.

Vaqif Əliyev həmçinin bildirdi ki, tarixi şəxsiyyətlərimiz haqqında belə əsərlərin yazılması təşəbbüsü bundan sonra da davam etdirilməlidir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli bildirdi ki, müəllif Zərdabi barədə çox gözəl bir əsər ortaya qoyub: “Kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün gözəl bir qaynaqdır”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd etdi ki, “İşığa gedən yol” romanı Mətbuat Şurasının Ali media mükafatına layiq görülüb: “Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə irihəcmli roman yazılır. Sona xanım öz zəhməti ilə belə bir yükü üzərinə götürübbu roman ərsəyə gəlib. Əsər nəinki jurnalistlərin, hər kəsin stolüstü kitabına çevrilməlidir. Çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının həyatında mühüm rol oynamış bir şəxsiyyətdir”.

Milli Məclisin deputatları, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Elmira Axundova çıxışlarında tarixi şəxsiyyətlərimiz haqqında əsərlərin yaradılmasına ciddi ehtiyac olduğunu və Zərdabiyə həsr edilən bu əsərin böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Yeni nəşrin xarici dillərə də tərcümə edilməsinin vacibliyi vurğulandı.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Xalq şairi Sabir Rüstəmxanlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, yazıçı Yunus Oğuz, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir, Əməkdar jurnalist Flora Xəlilzadə və başqaları roman haqqında fikirlərini bölüşdülər.

Bildirildi ki, Sona Vəliyevanın indiyə qədər çap olunmuş “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” (2012), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” (2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam” (2007), “Arazbarı” (2011) şeir kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Yazıçı bu dəfə roman janrındakı qabiliyyətini ustalıqla nümayiş etdirib. “İşığa gedən yol” romanı Həsən bəy Zərdabinin keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edir. 768 səhifəlik əsərdə 1848-ci ildən 1906-cı ilə kimi Zərdabinin həyatında baş verən ən önəmli hadisələrə yaxından şahidlik etmək mümkündür. Bu roman bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə, ziyalılıq tarixinə işıq salır. Romanı oxuyan hər kəs özünü sanki Zərdabinin bir addımlığında hiss edir, görkəmli maarifçinin sevincini də, məyusluğunu da bölüşür. Bu da müəllifin təsvir qabiliyyətinin gücündən xəbər verir. Tarixi faktlar, müstəsna hadisələr, ağrılı məqamlar müəllifin qələminə xas ustalıqla verilir. XIX əsr və XX əsrin ilk onilliyinin reallığının dərki baxımından “İşığa gedən yol” romanı ədəbiyyatımızda mühüm yeri olan əsərlərdəndir.

Təqdimat mərasimində çıxış edən Sona Vəliyeva bildirdi ki, onun Həsən bəy Zərdabi yaradıcılığına müraciət etməsinin xüsusi əhəmiyyəti var: “Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bu gün bizim azad yaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi. Kitab haqqında çoxlu rəylər yazılıb, burada dəyərli fikirlər səsləndi. Hər kəsə təşəkkür edirəm”.

Sonda tədbir iştirakçıları müəllifin əsərlərindən, publisistik məqalələrindən və haqqında yazılmış materiallardan ibarət sərgi ilə tanış oldular.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.6.