Kitabxanalarda tədbirlər

 

Tərtər rayon MKS-nin Mərkəzi Kitabxanasında və kitabxana filiallarında səyyar kitabxana xidməti davam etdirilir. Sentyabr ayı ərzində Mərkəzi kitabxana, Şəhər kitabxanası, İsmayılbəyli, Buruc, Seydimli, Qazyan, Kəbirli, Sarcalı, Umudlu kənd kitabxanaları xidmət etdikləri ərazidə yaşayan yaşlı və əlil oxuculara evlərdə, xəstəxanalarda tibb işçilərinə, habelə məktəbli oxuculara səyyar kitabxana xidməti göstərib.

* * *

Qazax rayon MKS-nin təşkilatçılığı ilə İkinci Şıxlı kənd kitabxana filialı Səyyar kitabxana layihəsi çərçivəsində ahıllara kitabxana xidməti təşkil edib. 80 yaşlı təqaüdçü, uzun müddət bağça müdiri işləmiş Əsmət Hüseynovanın həyətində təşkil edilən səyyar xidmət zamanı ahıl kənd sakinlərinə və onların nəvələrinə daxil olmuş yeni kitablar haqqında məlumat verilib, maraqlı kitabların qiraəti keçirilib.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında MediaMülki Cəmiyyət İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi Şimal bölgəsində gənclərin dini radikalizm təzahürləri ilə mübarizə yönündə maarifçilik aksiyalarının təşkili layihəsi çərçivəsində Azərbaycan - tolerantlıq diyarı mövzusunda dəyirmi masa təşkil edilib.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Tariyel İbrahimov, MediaMülki Cəmiyyət İctimai Birliyinin rəhbəri Xanoğlan Əhmədov, layihə üzrə ekspert Rəsul Mirhəşimli, Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək ölkəmizdəki tolerantlıq mühiti barədə danışıblar. Vurğulanıb ki, tolerantlıq ənənələrini qoruyub saxlamaq Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir.

* * *

Oğuz rayonu Sincan kənd kitabxanasının təşkilatçılığı ilə kənd folklor klubunda orta məktəbin müəllimi Şirin Bəhmanovun Tükənmir sevgi kitabının təqdimatı olub.

Uzun illərdir ki, kənd məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyən Ş.Bəhmanov eyni zamanda bədii yaradıcılıqla məşğuldur. Şeirləri Oğuz yurdu, Savalans. qəzetlərdə dərc edilir, Oğuzun sözü kitabında oxuculara təqdim olunub. Tükənmir sevgi onun ilk müəllif kitabıdır.

Tədbirdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri U.Baxışova, MKS-nin direktoru S.Mikayılova, kənd tibb məntəqəsinin həkimi V.Səbzəliyev, Oğuz yurdu qəzetinin redaktoru N.Hüseynli və başqaları müəllifin yaradıcılığından söz açıblar. Məktəblilər yeni kitabdan bir neçə şeiri əzbər söyləyiblər.

Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına, kitabın ərsəyə gəlməsində öz köməyini əsirgəməyən müəllim yoldaşlarına təşəkkürünü bildiribyeni kitabını iştirakçılara hədiyyə edib.

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.7.