Turizmdə xidmət keyfiyyətinin təkmilləşdirilməsi əsas istiqamətlərdəndir

 

Mədəniyyət və turizm naziri turizm işçilərinin peşə bayramı münasibətilə mətbuat konfransı keçirdi

 

27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olundu. Bu il əlamətdar gün həmçinin Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı sərəncama uyğun olaraq ilk dəfə Azərbaycanda turizm işçilərinin peşə bayramı kimi qeyd edildi.

 

Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin kollektiviturizm sektorunun təmsilçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üstünə tər güllər düzüldü.

* * *

Əlamətdar günlə bağlı Holiday İnn hotelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə mətbuat konfransı keçirildi.

Nazir öncə turizm işçilərinin peşə bayramı münasibətilə təbriklərini çatdırdı: "Bu gün ölkəmizdə ilk dəfə olaraq turizm işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu, Prezident İlham Əliyevin turizm sənayesinin inkişafına nə qədər önəm verdiyini bir daha sübut edir. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 30 min insan çalışır".

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərdən biri olduğunumilli iqtisadiyyatın inkişafı üzrə yol xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, turizmin qeyri-neft sektorunda özünəməxsus yer tutması bu sahədə yeni nailiyyətlər əldə etməsinə gətirib çıxarıb: "Turizm özlüyündə bir sıra sahələri əhatə edirbu sahələrin inkişafı üçün əlaqədar strukturlar birgə çalışmalıdır. Biz artıq dövlət başçısının müvafiq sərəncamlarından irəli gələn məsələlərin icrasına başlamışıq. İlin birinci yarısının statistikasına görə, viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb. Digər ölkələrdən də gələn turistlərin artmasında maraqlıyıq. Azərbaycanda bu yaxınlarda tətbiqi başlanan Tax free sistemiöz müsbət nəticələrini verir".

Əbülfəs Qarayev ölkə başçısının 2016-cı il 1 sentyabr tarixli Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamının icrası ilə əlaqədar həyata keçiriləcək işlərdən də danışdı: "Sərəncama əsasən ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görüləcək. Yaradılması nəzərdə tutulan Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm xidmətlərinin keyfiyyətinin daha da təkmilləşdirilməsi əsas istiqamətlərdəndir. Şura turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları arasında əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Nəticədə ölkəmizə gələn hər bir turistin səfərinin yüksək səviyyədə təşkili üçün nəzarət gücləndiriləcək.

Azərbaycanın dünya turizm bazarındakı mövqeyindən söz açan nazir qeyd etdi ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Prezident İlham Əliyevin turizm sahəsinə qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Ölkə başçısının sərəncamında nəzərdə tutulan shopping festivallarının keçirilməsi ilə bağlı məsələyə toxunan Əbülfəs Qarayev vurğuladı ki, Bakıda bu festivalların təşkil olunması üçün hər cür şərait var: Bu tədbirlər ölkəmizin daxili maliyyə dövriyyəsinə güclü təkan verəcək. Biz təkliflər hazırlayıb aidiyyəti qurumlara təqdim etmişik. Bu festivalları 10-15 gün müddətində ildə iki dəfə keçirməyi düşünürük.

Nazir sektor üçün kadr hazırlığından, turizm peşə məktəblərinin sayının artırılmasının vacibliyindən də danışdı, bu sahədə müəyyən addımların atılacağını vurğuladı.

Sonda jurnalistlərin sualları cavablandırıldı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.8.