Bakıda davam edən
Şəki təəssüratı
«Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən teatr bayramının təəssüratları hələ uzun müddət yaddaşlardan silinməyəcək. Əslində burada təəccüblü heç nə yoxdur: gözəl, sakit və təmiz şəhər, gülərüz sakinlər, yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərlik, maraqlı görüşlər, bir-birindən fərqli kollektivlər, düşünmək və yazmaq üçün mövzu verən tamaşalar, yeni tanışlıqlar, dağlar qoynuna sığınmış hoteldə istirahət. Bura ləzzətli və bol çeşidli mətbəxi, dadı dillərdə əzbər olan Şəki şirniyyatını da əlavə edin...
Şəkidə keçirdiyimiz 9 gün ərzində qonaqlarımızla teatr haqqında, onların sənət düşüncələri barədə xeyli söhbət etdik. Qəzetimizin növbəti buraxılışlarında onları oxucularımıza təqdim edəcəyik.
Hələliksə...
Yol uzun, söhbət şirin...
... İş elə gətirdi ki, Bakıdan Şəkiyə TÜRKSOY-un Teatr direktorları şurasının üzvləri ilə birgə yola düşdük. Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Moldovanın Qaqauz Yeri muxtar bölgəsindən gəlmiş teatr rəhbərləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ilə yol yoldaşı olmaq, söhbətləşmək xoş idi. Türk qardaşlarımızın bəzisi əvvəllər Bakıda olsalar da, Azərbaycanın tarix və mədəniyyəti barədə sualları çox idi. Qonaqlarımız avtobusun pəncərəsindən görünən mənzərələrə maraqla tamaşa edir, yol boyu gördükləri abadlığa, qəsəbə və kəndlərin yeniləşən görkəminə, təzə salınan yaşıllıqlara heyranlıqlarını gizlətmirdilər. Dənizlər arxasından gəlmiş qonaqlar üçün bu görüntülər həm də azərbaycanlıların güzəranının, məişət mədəniyyətinin əksi idi.
Dağlar qoynunda Şəki...
Şəkiyə bir neçə dəfə gəlmişəm. Hər hansı tədbiri işıqlandırmaq üçün ezamiyyət də olub, eləcə havamızı dəyişmək üçün istirahət də. Hər dəfə bir məqam özünü daha qabarıq göstərib. Şirindilli, baməzə adamları, səhər sübhdən gecədən keçənədək açıq olan şirniyyat dükanları, restoran və kafeləri ilə, ildən-ilə daha da çoxalan turistlərə hörmətcil və eyni zamanda təmkinli münasibəti ilə Şəki həm də əsl turizm şəhəridir.
Şəhərin yaşlı əhalisi Azərbaycan dilindən başqa rus dilində fikrini ifadə etməyi bacarır, gənclər isə daha irəli gedərək Türkiyə türkcəsində və ingilis dilində də danışırlar. Şəhərin mədəni həyatının sönük keçməməsi, ən əsası turizmin inkişafı Şəki və ətraf kəndlərin gənclərini doğma yurddan uzaqlaşmağa qoymur. Bir sıra bölgələrimizə nisbətən cavanların daha çox olması da bu şəhərin həyatının daha canlı və yeniliklərə daha açıq olduğunu şərtləndirir.
Bayrama hazırsınızmı?
Yəqin ki, festivalın bayram demək olduğunu bilirsiniz? Bayram kəlməsi insanda şənlik, istirahət ovqatı doğurur. Amma... Bu yerdə nə vaxtsa eşitdiyim bir fikir yadıma düşür: «Toya ona görə toy dedilər ki, camaat əziyyətindən qorxmasın»... Elə sənət bayramı da toy kimi bir olaydır. Festival - təşkilatçılar, xüsusən də qonaqları qəbul edən tərəf üçün gərgin iş rejimi və məsuliyyət deməkdir. İştirakçıların dəvəti, onların oynayacaqları tamaşaların videoyazılışının seyri və festival proqramı üçün seçilməsi, xaricdən gələn qonaqların qarşılanması, yerləşdirilməsi, yola salınması, onların göstərəcəyi tamaşalarda yarana biləcək texniki problemlər və bütün bunların vaxtında həlli...
Artıq ikinci dəfə Şəkidə beynəlxalq teatr festivalının iştirakçısı kimi deyə bilərəm ki, təşkilatçılar bu işin öhdəsindən layiqincə gəldilər. Tamaşaların göstərildiyi S.Rəhman adına Şəki Dövlət Dram Teatrının, şəhər Mədəniyyət və Turizm şöbəsinin kollektivi, İcra Hakimiyyətinin məsul nümayəndələri Şəkinin adı ilə bağlı «Üç məkan» festivalının nizamınca baş tutmasından ötrü bacardıqlarını əsirgəmədilər.
Qonaqların ürək sözləri
...Birinci festivaldan fərqli olaraq, təşkilatçılar bu dəfə teatr tənqidçisi və teatr təşkilatçısı da dəvət etmişdilər. Təbii ki, biz də onların Azərbaycan, Bakı, Şəki və festival barədə fikirləri ilə maraqlandıq.
İbrahim Assiri (Səudiyyə Ərəbistanı):
- Beş gün əvvəl məndən soruşsaydınız ki, Azərbaycan barədə təəssüratınız necədir, onda bu suala daha asan cavab verərdim. Amma bu gün özümü yarı Səudiyyə ərəbistanlı, yarı azərbaycanlı hiss edirəm. Azərbaycan mənim üçün mədəniyyət ölkəsi, dostlarımın məkanıdır.
Valentina Fyodorova (Rusiya):
- Ömrümdə ilk dəfə Azərbaycana gəlirəm. Təyyarədən düşəndən Bakıya, paytaxtdan çıxandan bəri isə Azərbaycana heyran olmuşam. Bu torpaqda insan özünü güvənli, arxayın hiss edir. İnsanlarınız çox qonaqpərvərdir.
Artyom Vusik (Ukrayna, «Prekrasnıye svetı» teatrı):
- Bu şəhərə heyran olduq. Ona əyalət şəhəri deməyə dilim gəlmir. Təşkilatçılar tamaşamız üçün gərək olan iri dekorasiyaları özümüzlə Xarkovdan gətirməyə qoymadılar. Özləri burada tamaşamızın uğurlu keçməyindən ötrü heç nəyi əsirgəmədilər. Böyük məmnuniyyətlə Bakıda da, Azərbaycanın digər şəhərlərində də çıxış edərdik. Biz Kişdəki alban məbədində olduq, dualar etdik. Oranın çox qəribə bir aurası var. İnanıram ki, hər şey yaxşı olacaq.
Vyaçeslav İqnatov (Rusiya,
«Tvikster» teatrı):
- Elə hey istəyirəm ki, sizin şəhərinizi,
insanlarınızı, xüsusən
də mətbəxinizi
tərifləyim. Moskvaya qayıdan
kimi istirahət üçün uzaqlara gedən dostlarıma sizdən bəhs edəcəyəm. Bura həm
tarixi yerlərlə maraqlananlar, həm də dağları sevənlər üçün
əsl vaxt keçirməli yerdir.
Teatrsevər şəkililər
Şəkidə Avropa üslublu klassik teatr ənənələrinin
formalaşma tarixinə
dair xeyli fakt sadalamaq olar. Amma təkcə
Azərbaycan dramaturgiyasının
banisi Mirzə Fətəli Axundzadəni,
XX əsrin ortalarında
milli komedioqrafiyanın
böyük nümayəndələrindən
biri Sabit Rəhmanı, müsəlman
Şərqində opera bəstələmiş
ilk qadın bəstəkar
Şəfiqə Axundovanı,
görkəmli aktyorlar
Lütfəli Abdullayevi,
İsmayıl Osmanlını
və daha neçə-neçə sənət
fədaisini, böyük
istedad sahibini bizlərə Şəkinin
bəxş etdiyini demək kifayətdir. Bugünkü Şəki tamaşaçısı
isə təkcə həssas, sözü göydə tutan arif teatral deyil,
o həm də kifayət qədər diqqətli, tolerant şəxsdir.
Üstəlik, ən xoşagələn
hal budur ki, teatrsevərlərin gənc nəsli də yetişir.
N.Dumbadze
adına Professional Dövlət Gənclər
Teatrının (Tbilisi) hazırladığı
«Sevilya bərbəri»
tamaşasının əsas
seyrçiləri Şəki
məktəbliləri idi.
Onların klassik opera janrına fərqli yanaşma tərzində hazırlanmış, üstəlik,
uşaqların Azərbaycan
dilində nümayiş
etdirilən tamaşaya
isti münasibəti öz yerində, tamaşaçıların arasında
əyləşmiş A.Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, aktyor kimi daha çox
populyarlaşmış Qurban
Məsimovu tanıyaraq,
sərbəstcə ona
yaxınlaşmaları, avtoqraf
almaları, selfi çəkdirmələri elə
tamaşadan sonra bir tamaşa idi.
Son tamaşa, son təltif
Son tamaşanı festival sahibləri - Şəki teatrı oynadı. Tamaşadan əvvəl
isə məlum oldu ki, budəfəki
tamaşaya bir qonaq da baxacaq.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Tsdiho Takahaşi Şəkidə işgüzar
səfərdədir. Bu
axşam o da festivalın bütün tamaşalarını seyr etmiş Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov ilə birlikdə tamam fərqli «Vaqif» tamaşasına baxacaq.
Tamaşadan sonra çıxış
edən Elxan Usubov bu sözləri
dedi: «Şəhərimizdə
belə festivalların
keçirilməsi göstərir
ki, Şəki mədəniyyət və
incəsənət paytaxtına
çevrilməkdədir. Çox
şadam ki, bu işdə mənim də azacıq əməyim var.
Bu festivalın keçirilməsində
əməyi keçən
hər kəsə «çox sağ
olun» deyirəm».
İcra
başçısı festivalın
ənənəvi xatirə
hədiyyəsini həm
S.Rəhman adına Şəki teatrının
kollektivinə, həm
«Üç məkan»
festivalının keçirilməsində
böyük əməyi
keçən Mədəniyyət
və Turizm Nazirliyinə təqdim etdikdən sonra salondakıları bir sürpriz də gözləyirdi. Xeyli vaxtdır ki,
Yaponiyanın ölkəmizdəki
səfirliyi şəhər
İcra Hakimiyyəti ilə əməkdaşlıq
edir. Bu əməkdaşlıq
Şəkidə 17 layihənin
uğurla başa çatması ilə nəticələnib. Səhnəyə dəvət olunan səfir T.Takahaşiyə
festivalın fəxri qonağı kimi və Şəkiyə xüsusi diqqətinin müqabilində festivalın
xatirə hədiyyəsi
təqdim edildi. Səfir cavab nitqində Şəkidə qonaq olduğuna, hətta festivalda iştirak etmədən hədiyyə
qazandığına görə
minnətdarlığını bildirdi.
Bu da bir tarixdir,
yaşadıq...
Əslində hər günümüz, iştirakçısı, şahidi
olduğumuz hər hadisə bu gün yaşanan, yazılan tarixdir. Beləcə, «Üç məkan» II Şəki Beynəlxalq Teatr Festivalı başa çatdı və tarixin səhifəsinə çevrildi.
Altı ölkənin müxtəlif
teatr kollektivləri fərqli tərzdə və janrda 11 tamaşa ilə çıxış etdilər.
Beynəlxalq əhatə dairəsi
xeyli genişlənən
festival daimi olacağını
sübuta yetirdi.
Hər hansı festivala aktyorun, teatrşünasın, təşkilatçının
fikri, münasibəti
çox fərqli olsa da, jurnalistlərin
münasibəti bəllidir:
davamı gəlsin,
biz də sizin fəaliyyətinizdən yazaq.
Gülcahan Mirməmməd
Şəki-Bakı
Mədəniyyət.- 2016.- 28
sentyabr.- S.10.