Səhnə səmimiyyətinin işığı

 

 

Aktyor Sabir Məmmədovun yaradıcılığı haqqında qısa söz düzümü

 

İstedadlı aktyorlar yaddaşımın üst qatında müxtəlif yaradıcılıq keyfiyyətlərinə görə qalırlar. Və onlardan kiminsə haqqında söhbət düşəndə qeyri-ixtiyari yaddaşımda formalaşmış üst qatdakı cəhətləri xatırlayıram. Artıq bu hal vərdişə çevrilib.

 

Aktyorluğuna rəğbət bəslədiyim, insanlığına məhəbbətlə sayğı göstərdiyim, şəxsiyyətinə ehtiramla yanaşdığım Sabir Məmmədovdan söhbət düşəndə yadıma ilkin onun səhnə sadəliyi, istedadının səmimiliyi, lətafətli oyun tərzi düşür. Özübu üç cəhətin üçünübir estetik bütündə xatırlayıram və sanki bunlardan hansısa olmasa sənətkar barədə qənaətimə duman çökə bilər.

Ammadi gəl ki, Sabir Məmmədovun yaradıcılığının hüsnü və təravəti, əlvanlığı və cazibəsi təkcə dediyim keyfiyyətlərlə bitmir. İstər peşəkar səhnədə ilk addımlarını atdığı Sumqayıt teatrında, istərsə də istedadının pardaqlanıb formalaşmağa, kamilləşməyə doğru ucalan Akademik Milli Dram Teatrında onun ifa etdiyi obrazları tamaşaçılara sevdirən çox-çox incəliklər var ki, onlardan bir neçəsini xatırlamağa əşəddi ehtiyac duyuram.

Sabir Məmmədov yaradıcılığının estetik səciyyələrinə görə realist aktyor məktəbinin estetik prinsiplərinə, poetika göstəricilərinə daha yaxındır. Ammadi gəl ki, daxilən zəngin olan, ehtiraslarına romantik vüsət verə bilən aktyor poetik teatr estetikasına əməlli-başlı bələddir. Bu ustad bələdlik, bu peşəkar səriştə, istedadın bu işıqlı yönümü Sabirin böyük düha Hüseyn Cavidin «Şeyda» və «Afət» faciələrinin tamaşalarında şövqlə, coşqun temperamentlə oynadığı Şeyda Əfəndi və Yavuz rollarında ecazkar parlaqlıqla üzə çıxır.

Sabir Məmmədov gözəl və zərif plastikaya, cazibəli və məlahətli səhnə görkəminə, sərbəst və ifadəli səhnə davranışına malik aktyordur. Əgər istedadının canına-qanına hopmuş, aktyorluq məharətinin iliyinə işləmiş bu keyfiyyətlərdən hansısa olmasaydı yəqin ki, tamaşaçılar Sabirin İsgəndər, Hacı Baxşəli, Mirzə Bəxşəli («Ölülər», «Anamın kitabı», Cəlil Məmmədquluzadə), ÇingizEşqintiqam», Süleyman Sani Axundov), Novruz bəy («Aydın», Cəfər Cabbarlı) rollarındakı ifasından bu qədər ləzzət, bu qədər həzz ala bilməzdilər.

Sabir Məmmədovda duymaq, görmək fəhmi, daxili enerji güclüdür. O, tanrı bəxşişi olan fəhmlə səhnəni, səhnədəki yöndaşlarını, salondakı tamaşaçıları çox asanlıqla görür, duyurçox sərbəstliklə də gördüklərini hərəkət monoloqunda obrazın psixoloji mahiyyətinə uyğun ahəngdarlıqla bədiiləşdirir. Bədiiləşdirdiklərini obrazın enerji nüvəsinə çevirməyi və onu ən mürəkkəb məqamlarda da həssaslıqla idarə etməyi bacarır. Məhz buna görə də Saday bəy, Seyid Hüseyn, Fərəc («Hökmdar və qızı», «Xurşudbanu Natəvan» və «Boy çiçəyi», İlyas Əfəndiyev), Dulu XaqanÖzümüzü kəsən qılınc», Bəxtiyar Vahabzadə), İlusBurla xatun», Nəbi Xəzri) rollarında Sabirin ifası iki, üç və bəzən daha çox planda təqdim olunur. Obrazın xarakter çoxqatlılığının estetik mahiyyəti aktyorun istedadının çoxçalarlığını tamamlayır.

Sabir Məmmədovda qaravəllidən, məsxərə və məzhəkədən şirələnən cazibəli və ləzzətli, şux və təravətli, şirin və dadlı yumor var. Aktyor roldan-rola cilaladığı bu ifadə vasitələrindən hər obrazın, hər tip-xarakterin estetik mahiyyətinə uyğun tərzdə, koloritli səciyyələrə söykənən məharətlə istifadə edə bilir. Hətta tamaşanın janr poetikasının başlıca estetik xüsusiyyətlərinə əsaslanaraq obrazı qrotesklə, ironik çalarlarla, satirik nüanslarla daha baxımlı, daha təravətli canlandırır. Sabirin Teymur ağa, Müsyö Jordan («Lənkəran xanının vəziri» və «Müsyö Jordan və dərviş Məstəli şah», Mirzə Fətəli Axundzadə), Oğul nəvə («Generalın son əmri», Vaqif Səmədoğlu), Şahmar («Dəlilər və ağıllılar», İlyas Əfəndiyev), Fərman («Yalan», Sabit Rəhman) rollarını bu qrotesksiz, bu ironiyasız, bu satirik rəngsiz təsəvvür etmək mümkün deyil.

Sabir Məmmədov hər obraza xarakterik sürət-ritm, dinamik enerji tapır və bu tapıntılarını cilalayaraq ahəngdar şəkildə hərəkət plastikası ilə harmonik vəhdətdə birləşdirir. Dediklərimə əyani və canlı sübut kimi BertyeNapoleon», Ferdinand Brukner) və Tissafern («Herostratı unudun», Qriqori Qorin) rollarını xatırlamaq kifayətdir.

Sabir Məmmədov milli xalq oyun-tamaşalarının estetikasını, meydan teatrının poetika səciyyələrini həssaslıqla mənimsəmiş aktyordur və tamaşaçılar bu dediklərimi əyani şəkildə Oğlan, Dost (“Qatil” və «Teleskop», Elçin), ValiFüzuli və Əsmər», Mirmehdi Seyidzadə), Hüseyn («Bəxt üzüyü», Vaqif Səmədoğlu. Sumqayıt teatrında) səpkili rollarda görüblər, bəyəniblər, alqışlayıblar. Ammadi gəl ki, daim axtarışda olan Sabir bununla kifayətlənməyib. O, Avropa karnaval estetikasını da dərindən dərinə öyrənib. Öyrəndiklərini cəsarətlə səhnədə sınaqdan çıxarıb. Sınaqdan uğurla çıxardıqlarını dönə-dönə cilalayaraq formalaşdırıb. Formalaşdıraraq istedadının ifadə cəbbəxanasında layiqli yerdə saxlayıb. SkapenSkapenin kələkləri», Jan Batist Molyer), PistaNazirin xanımı», Branislav Nuşiç), Şair («Kəllə», Nazim Hikmət), Xəlil («Müvəqqəti ər», Rəşad Nuri Güntəkin. Sumqayıt teatrında) aktyorun karnaval estetikasında ehtirascoşqunluqla oynadığı bitkin və əlvan səhnə personajlarıdır.

Sabir Məmmədov təfəkkürlə düşünən, emosiya ilə duyan, idrakla obrazın hərəkət plastikasının zərifliyini quran aktyordur. Əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynadığı rollarda hadisələrin baş verdiyi tarixi dövrü, şəraiti, həmin xalqın mənəvi-əxlaqi dəyərlərini, məişət, kənd və ya kübar davranış tərzlərini öyrənib mənimsəmədən özünü obrazın ifasına hazır bilmir. Elə buna görə də Sabirin Eddi Karbone («Körpüdən mənzərə», Artur Miller), Akkanad («Sokratı anma gecəsi» və yaxud «Eşşək dərisi üzərində məhkəmə», Çingiz AytmatovMuxtar Şahanov), Qaraşın («Diribaş adamlar», Vasili Şukşin. Sumqayıt teatrında) rollarında tamlıq və bütövlük vardır.

Sabir Məmmədovun istedadının bir qanadı romantik faciə rolları üçün açıqdır. Bu baxımdan arzu edərdim ki, rejissorlarımız ona Horatsio (Hamlet, Uilyam Şekspir) səpkili rolları cəsarətlə tapşırsınlar.

Sabir Məmmədov səhnədə yöndaşları ilə münasibətlərdə diqqətcildir, həssasdır, sərbəstdir, ən əsası isə ayıqdır. O, özünün aktyorluq imkanlarına texniki vərdişləri ilə dolğunluq gətirir, təravət verir, cazibədarlıq aşılayır.

Sabir Məmmədov şəksiz və şübhəsiz istedadlı aktyordur. Ammadi gəl ki, yorulmaz çalışqanlıq, yenilik ehtirası daim aktyorun istedadına yeni naxışlar, təzə ilmələr salır.

Sabir Məmmədovun yaradıcılığında yumşaq, ürəyəyatımlı sadəlik var. Bu sadəlik ona görə cazibəlidir ki, onun mayası səmimiyyətlə yoğrulub.

Sabir Məmmədov emosional düşüncədən təfəkkür dərinliyinə, idrak coşqunluğuna ustalıqla keçə bilir.

Sabir Məmmədov səhnədə istedadlı yöndaşlarının gözlərindən işıqlı enerji aldığı kimi, həm də baxışları ilə qarşısındakı aktyora səmimiyyət və həlim aura aşılayır.

Sabir Məmmədovun yaradıcılıq marağında sanki səma genişliyi varbu səma genişliyində də könül oxşayan əlvanlıq mövcuddur. Belə bir keyfiyyət aktyora mürəkkəb, çoxçeşidli obrazlar yaratmağa güclü zəmin yaradır.

Sabir Məmmədovun bir aktyor kimi daxili enerjisinin fəallığı mütləq tamaşanın janrına, obrazın xarakterinə, bədii tutumuna, rejissorun əsərdə izlədiyi ali məqsədə uyğun olur.

Sabir Məmmədovun aydın diksiyası, lətafətli və yumşaq səs tembri səhnədə aktyorun başlıca ifadə vasitələrindən biridir. Buna görə də, obrazın xarakterindən asılı olmayaraq, Sabirin səsi bütün məqamlarda qulaqlara dinclik verir. O, səsinin ahəngini ustalıqla idarə edir.

Sabir Məmmədov daxili coşqunluğunu, ona bağlı olan ehtirasını aramsız ardıcıllıqla ifa etdiyi səhnə personajının ruhunda saxlayır.

Sabir Məmmədov kiçik, hətta bəzən bədii cəhətdən sönük, zəif obrazları ifa etmək məcburiyyətində də qalıb. Ammadi gəl ki, aktyor məhz həmin vəziyyətlərdə də bacarıq və ustalığını səxavətlə “xərcləyə” bilib.

Mənim fikrimcə, ustad aktyor səhnədə eyni anda həm hiss etməyi, emosional yanaşma-qavramanı, həm də fikirləşməyi bacarmalıdır. Bacarıb onları ahəngdar qovuşuqla ifasının canına hopdurmağa qadir olmalıdır. Sabir Məmmədovun yaradıcılığına ehtiramsevgimin kökündə onun yuxarıda dediklərimə qadir olması durur...

Bütün bunlarla yanaşı, arzu edərdim ki, rejissorlar Sabir Məmmədovun istedadının görünməyən cəhətlərinin axtarışları üçün daha cəsarətli addımlar atsınlar...

 

İlham Rəhimli

 

Mədəniyyət.- 2016.- 28 sentyabr.- S.11.