Firəngiz Əlizadə beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olub

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Andrey Petrov adına bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə sədrlik edib. Müsabiqənin münsiflər heyətində A.Knayfel, L.Desyatnikov, P.Karmanov, D.Yanov-Yanovski, A.Karalyovİ.Drux kimi məşhur bəstəkarlar yer alıb.

Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük zalında keçirilən bağlanış mərasimində çıxış edən F.Əlizadə Rusiya və Azərbaycan arasında dərin köklərə malik, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi korifeylərin əməyinə söykənən dostluğun əhəmiyyətindən danışıb.

Bildirilib ki, 10-cu dəfə təşkil olunan müsabiqəyə 12 ölkədən 108 partitura göndərilib. İqor Drux Betelqeyze əsəri ilə müsabiqənin qalibi olub. Simfonik musiqi üzrə laureat adına Vulkan simfonik lövhəsi ilə İsveç bəstəkarı David Ribe, İnfiniti əsəri ilə kanadalı Nurulla Xoca, həmçinin Palladium fortepiano konserti ilə Sankt-Peterburqdan Artur Vavel layiq görülüblər. Müsabiqənin laureatlarının əsərləri məşhur dirijor Arkadi Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə ifa olunub.

Finalçıların əsərlərindən başqa, orkestrin ifasında A.Petrovun Dünyanın yaranması baletindən süita və F.Əlizadənin Nağıllar simfonik poeması da səslənərək dinləyicilərin zövqünü oxşayıb.

Qeyd edək ki, Firəngiz Əlizadə artıq ikinci dəfədir Rusiyada bəstəkarlar arasında keçirilən yeganə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edir.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.4.