Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anılıb

 

 

Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, Əməkdar artist Gülnar Salmanovanın xatirəsi yad olunub. Xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar Salmanovanın 60 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edərək aktrisanın həyat və yaradıcılığı barədə danışıb.

Qeyd edilib ki, özünəməxsus ifa tərzinə malik aktrisanın canlandırdığı obrazlar hər zaman tamaşaçılar tərəfindən sevilib: “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar Salmanova canlandırmalı idi. Çox təəssüf ki, amansız ölüm buna imkan vermədi. Onun işıqlı xatirəsi daima bizim qəlbimizdə yaşayacaq”.

Sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri YelenaZakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Rolları Xalq artisti Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva və başqaları ifa ediblər.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.6.