Şahdağ Turizm Mərkəzində yay mövsümü başa çatıb

 

Şahdağ Turizm Mərkəzi sentyabrın 27-də 2016-cı il yay mövsümünü bağlı elan edib. Mərkəz fəaliyyətə başlamasından sonra sayca dördüncü olan yay mövsümündə 30 mindən çox turist qəbul edib. Onların yarıdan çoxunu xarici ölkələrdən gələn qonaqlar təşkil edib. Həmçinin xarici turistlərin də 80%-dən çoxu Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Oman, Küveyt, Bəhreyn kimi ölkələrin vətəndaşları olub.

Mərkəzdən verilən məlumatda o da bildirilir ki, bu mövsüm bir-birindən maraqlı tədbirlər və əyləncələrlə yadda qalıb, göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzinin təkcə qış mövsümündə xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün info-turlar, eləcə də xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil olunub.

Qeyd edək ki, mövsümlərarası dövrdə mərkəzdəki beşulduzlu Şahdağ hoteli regionun ən böyük Spa mərkəzi, xüsusi sağlamlıq və bərpaedici detoks proqramı ilə qonaqların ixtiyarında olacaq. Artıq qış mövsümünə hazırlıq işlərinə start verilib. Qış mövsümünün açılışı dekabrın əvvəllərinə nəzərdə tutulur.

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.9.