O, illərlə belə də deyib: “Nə bağırırsan, xalq?! Varındır - ver, yoxundur - sus, öl!..

 

 

Həsənağa Salayev hayqırırdı bunu. Oqtay Eloğlunun dilindən desə də, elitar tamaşaçı bu sözləri onun öz xitabı kimi qəbul edirdi. Proletar tamaşaçılar arasında isə, bu hədə-təhdidli sual-nidalara təəccüblənib nifrətlənənlər də olurdu, təəssüflənib xiffətlənənlər də.

İllər sonra həmin tamaşaçı “tərəflər”in hamısına aydın olacaqdı ki, bu aktyor öz zəmanəsinin həyat səhnəsindəki qaçılmaz siyasi-doktrinal pafosunu teatr səhnəsində öz ecazkar sənət pafosu ilə yumşaldanlardan biri, bəndənizin fikrincə isə, birincisi olub...

 

Bu aktyor səhnədə hər hansı bir fikir və duyğunu tamaşaçıya vurğulamaqçün, bir çoxları kimi, stilizə səs uğuruna, ton çığır-bağırına getmir, sadəcə, dram mətnlərinə müvafiq səs-səda və qırım-durum “val”larını dəyişirdi...

Deyirlər, hər bir sənət-peşə adamı mütləq məktəb “şinel”indən çıxmalıdır. Bu, 99 faiz doğru. Amma bir faizin həqiqəti də var; bütün dünya və Azərbaycan təcrübəsində məktəb görmədən canlı məktəbə çevrilən müqtədirlər də olub. Elə Həsənağa Salayev də - zəmanəsinin ictimai-siyasi sıxıntıları və müharibə maneələri gərginliyində alayarımçıq oxuduğu Teatr Məktəbi istisna edilməklə, səhnə və ekran sənəti tariximizə “öyrənən”lərdən çox, “öyrənilən”lərdən biri kimi düşüb.

Söylənən “canlı məktəb”lik nüanslarına misal kimi, bu aktyorun uzun illər şəriksiz və tamamilə bənzərsiz bir ustalıqla oynadığı Bəhram (“Solğun çiçəklər” - C.Cabbarlı) obrazını xatırlamaq kifayətdir. Və məncə, haçansa eşitdiyim “...lent yazısı olmayan dövrlərdə elə fenomenal səslər olub ki, onlar teatrların “divar yaddaşında” gələcəyə də çatacaq” qənaəti H.Salayevin həmin tamaşadakı monoloqundan bu parçaya da aiddir: “Qəhr olsun dünyanın milyonlar üstündə vücuda gələn səadəti!”

Qeyri-adi mental ciddilik, həyati və teatral dinamiklik, hər sözünə sanki xəyallardan indicə ayrılmış kimi başlaması, fikrini, qənaətini dahilərdən, müdriklərdən gətirdiyi sitatlarla daha aydın isbatlaması və nəticə etibarilə həmsöhbətcilliyi! Doyulmaz müsahib idi. Hədsiz hökmlü, xeyli dərəcədə bariton səs tonu, sənət dramatizmi mahiyyətcə zəriflik dünyası olan poeziya ilə tutuşmasa da, bəzən söhbətini Füzulidən söylədiyi qəzəllərlə bəzəyərdi.

Dostları çox idi və onu dövrün ünlü şairləri, dərin söz adamlarıyla calaşdıran səbəblərdən biri də elə Füzuliyə məhəbbət “divanəliyi”ndəndi. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Hüseyn Arif, Şahmar Əkbərzadə, Zeynal Məmmədov və daha bir neçə ziyalını “səhnədənkənar tərəf-müqabillərim” adlandırardı. Onlarla söhbətlərini “yeni dövrün dastan gecələri” kimi də qiymətləndirər, “vaxt olur ki, “ardı gələn gecə” - deyə ayrılardıq” - deyərdi.

Mən bu sətirləri qeybdən yox, tələbəlik illərimdə (və bir qədər sonralar) bloknotuma etdiyim qeydlərə istinadən yazıram. Bəli, H.Salayev həm də təvazökar sənətkar idi; o qədər nəhəng, populyar, məşğul (özü demişkən, çox “qıtvaxt”) bir sənətkar ola-ola, bizimlə - jurnalistika fakültəsinin üç tələbəsilə - ilk görüşdə üç saata yaxın həmsöhbət, sonralar isə öz zərafat təbirilə desəm, “bir köynək uzaq dost” olmuşdu.

 

Səhnə + lər...

 

5 dekabr 1921-ci ildə Bakıda doğulmuş Həsənağa romantik və realist aktyor məktəblərinin hər müddəasını, bütün estetik prinsiplərini cazibələr süslü ahəngdarlıqla təcəssüm və tərənnüm etdi.

Yeddi yaşında ikən atası onu Bakıdakı 6-cı Şura məktəbinə yazdırıb. Burada doqquzuncu sinfi yüksək qiymətlərlə bitirərək Bakı Teatr Texnikumuna daxil olub. 1938-ci ildə isə - tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Lakin müharibə bu qeyri-adi istedadın özünü daha erkən reallaşdırmasına mane olub. Təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra bir də 1946-cı ildə qayıtmalı olub. Bu teatrın tamaşalarında maraqlı rollar oynayıb: M.F.Axundzadənin “Hacı Qara”, C.Cabbarlının “Solğun çiçəklər”, “Od gəlini”, “Almaz”, “Oqtay Eloğlu”, H.Cavidin “Səyavuş”, B.Şounun “Şeytanın şagirdi”, B.Vahabzadənin “İkinci səs”, N.Hikmətin “Şöhrət və ya unudulan adam”, F.Şillerin “Orlean qızı” əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb.

Öz dövrünün “səhnə cəngavəri” adlandırılan H.Salayev “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “İstintaq davam edir”, “Aygün” filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, mayor Rüstəmov, Əmirxan rollarını da ustalıqla yaradıb.

Klassik əsərlərdə ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi ab-havasıyla uzlaşdırır, səhnəmizə tərcümələrdən gələn obrazları elə əcnəbi-milli elementlərlə calaq-ortaqlayırdı ki, aqil tamaşaçı “bəşəri sənət də Tanrı təki təkdir” qənaətinə gəlməyə bilmirdi.

Çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst-şahanə səhnə davranışı, əzəmətli boy-buxunu, səhnə yöndaşlarına lütfkar diqqətilə seçilmiş, 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adlarıyla təltif edilmiş, yaradıcılığının qaynar, yaşının məhsuldar çağında qəfildən iflic xəstəliyinə düçar olaraq 1981-ci il oktyabrın 2-də dünyasını dəyişmiş bu sənətkar haqqında deyilib-yazılmışlardan və çoxlarının xəbərsiz olduğu -

 

Olğu-olaylardan...

 

İlk rolunu jandarm (S.Vurğun - “Xanlar”) obrazıyla başlayıb, tərəf-müqabili Mərziyyə Davudovadan “Sən bu rolu elə mükəmməl oynayırdın ki, mən özümü əsl jandarm qarşısında hiss edirdim!” tərifini almış bu müqtədir aktyorumuzun şəxsi tale finalı, qismət “axirət”i sonralar oynayacağı “Şöhrət və ya unudulan adam” (N.Hikmət) dramına adekvat...

Yeri gəlmişkən, Həsənağa Salayevin həmin tamaşada yaratdığı Doktor obrazı hər dəfə bütün salonu heyrətə gətirirmiş və xeyli sonralar böyük səhnə azmanlarından olan M.Məmmədov yazıb: “Əgər hər hansı bir aktyor qürrəylə desə ki, “mən səhnədə Hamlet obrazını yaratmışam!”, ona belə cavab verərdim: kaş mən də Həsənağa Salayev kimi Doktor obrazı yaratmış olaydım...”

Keçmiş SSRİ-nin müttəfiq respublikalarında yaxşı tanınan aktyor hətta qastrol ünvanlarında da mükafatlandırılırdı.

H.Salayevin Şekspirin 400 illik yubileyi ərəfəsində səhnəyə qoyulan “Antoni və Kleopatra” tamaşasında yaratdığı Yuli Sezar obrazını teatr tənqidi “Azərbaycan səhnəsinin fenomenlərindən” hesab edir, hətta bu aktyorun “qaradeyən”lərindən hesab edilən professor C.Cəfərov yazırdı: “Aktyor öz fitri istedadı ilə mütləq hakimiyyət və şöhrət hissilə yanan qəhrəmanının (Sezarın) hətta zahiri parlaqlığa və ədəbazlığa meylini də göstərməyə çalışır, yerişində və davranışında belə, saxta olduğunu hiss etdirir”.

Azərbaycan Teatr Cəmiyyətinin “Həsənağa Salayev” bukletində M.Məmmədovun qeydi: “Bu Oqtay məni valeh etdi. Mən indiyə kimi tamaşa salonunda belə təlatüm görməmişəm...”

…Bu ustad aktyorun dostluq, vətənpərvərlik keyfiyyətləri də “görünməmiş nümunələr” seriyasından imiş. Nazirlər, raykom katibləri, prokurorlar arasında çox yaxınları olsa da, milli-mənəvi ziyalılıq mücəssəməsi Xudu Məmmədov və böyük vətəndaş-şair Bəxtiyar Vahabzadə ilə dostluğu ayrı bir aləmmiş. Çoxlarının “qrimli adamlar” seriyasından hesab etdiyi bu aktyorun məşhur “Gülüstan” poemasından sonra məlum çətinliklərə məruz qalan müəllifin evinə göndərdiyi “anonim ərzaq səbətləri” o dövrün dillərdə gəzən “dosye”lərindən idi...

Və... yetmişinci illərdən modernizmin çağlamağa başlaması ilə romantizmin tədricən “kölgə plan”a keçməsi H.Salayev çağlamı üzərinə də bulud saldı. Həyat yoldaşı Sərvət xanımın xatirələrindəki nüanslar da bunu sübutlayır: “Çox pis əsəbiləşirdi, hövsələsizləşmişdi. Mərkəzi komitənin məsul işçisi C.Cəfərovla münasibəti yaxşı deyildi. Həsənağanın sovet quruluşuna qarşı barışmazlığından xəbərləri vardı deyə, ondan xoşları gəlmirdi. Onu tez-tez ovundurmağa çalışardım. Amma... hərdən də, özümdən ixtiyarsız: “Ay Həsənağa, bəs deyirdin sovet hökuməti dağılacaq?!” deyə, onun ağrılarını bir az da artırırmışam. O isə deyirdi ki, hə, Sərvət, o günü mən görməsəm də, sən görəcəksən!..

1975-ci ildə infarkt keçirən H.Salayev tədricən səhnədən uzaqlaşır. Lakin dolanışıq naminə kiçik qruplarla respublikanın rayonlarına qastrol səfərinə çıxar (aktyor R.Əzimovun dediyinə görə), hər yerdə onun şərəfinə məclislər açılsa da, söhbətlərə qoşulmaz, kimlərinsə təkidli xahişilə oynadığı müxtəlif tamaşalardan parçalar söyləyəndən sonra kövrəlib susarmış. 1976-cı il səfərlərinin birində (Zəngilanda) beyninə qan sızan sənətkar düz altı il yataq xəstəsi olur. Baş çəkənlərin sayının gündən-günə azaldığını görən bu şöhrətli aktyor hərdən, bir vaxtlar iştirakçısı olduğu bir tamaşanın adını pıçıldarmış: “Şöhrət və ya unudulan adam”...

Sən demə, bu böyük sənət adamının oğlu da “ata əqidəli”lərdən imiş. Vətənin qeyrətli könüllülərindən biri olan Dəryanur cəbhəyə yollanır və 1992-ci ilin fevralında həlak olur...

Bu sənət və Vətən fədailərinin hər ikisinə qəni-qəni rəhmət...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.13.