Türk respublikalarının müstəqilliyinin 25 illiyi şərəfinə

 

 

TÜRKSOY Xalq çalğı alətləri orkestrinin qala konsertləri

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY türk respublikalarının müstəqilliyinin 25-ci ildönümünə öz töhfəsini verməkdədir. Bu münasibətlə qurumun nəzdində təşkil olunan Xalq çalğı alətləri orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyi şərəfinə qala-konsertlərə başlayıb.

 

Xatırladaq ki, bu barədə qərar ötən ilin noyabrında Türkmənistanın Mərv şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında qəbul olunub. 10 türkdilli ölkə və diyardan 40-a yaxın musiqiçinin yer aldığı TÜRKSOY Xalq çalğı alətləri orkestrinin bu silsilədən ilk konserti sentyabrın 27-də Qazaxıstanın Taldıkurqan şəhərində gerçəkləşib. Daha bir konsert proqramı ayın 28-də Qazaxıstanın Almatı şəhərində keçirilib.

Bu ilin Novruz bayramı tədbirləri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyası salonunda ilk dəfə səhnəyə çıxaraq böyük rəğbət qazanan TÜRKSOY Xalq çalğı alətləri orkestri daha sonra Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert vermişdi.

Beş türk respublikasının müstəqillik yubileyi münasibətilə tərtib olunan konsert turnesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Türkmənistan Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə həyata keçirilir.

“25-ci il qala konsertləri” silsiləsindən növbəti proqram sentyabrın 30-da Bişkekdə T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında olacaq.

TÜRKSOY Xalq çalğı alətləri orkestrinin bu silsilədən daha üç konserti isə Türkiyə və Şimali Kiprdə reallaşacaq.

Oktyabrın 3-də isə kollektiv Ankarada Prezident Simfonik Orkestri konsert salonunda çıxış edəcək. Qeyd edək ki, 3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. Bu gün 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.

Türk respublikalarının müstəqilliyi şərəfinə “25-ci il qala konsertləri” 5 oktyabrda Girnə şəhərində (Şimali Kiprdə) davam ediləcək və 7 oktyabrda İzmirdə yekunlaşacaq.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 30 sentyabr.- S.16.