Çağlar Müşfiq...

 

Ömrü yarımçıq, sözü bütöv, irsi əbədi Mikayıl Müşfiq

 

Ulu sələfinin dediyi “yoxdan var olan söz”lərlə özünə ayrıca bir poeziya odası yapmış, “Kainat olduqca, şer olacaq” - deyə, yeni-yeni sözlər, hikmətlər bulmuş, otuzca yaşa qədər qosqoca bir ömür yaşamış həmişəcavan Müşfiq!..

Bu şair hər duyan qəlbə poetik atəşlər çilədi, məhəbbət alovlu odlar saldı. “Arzuya bax, sevgilim! Tellərindən incəmi? Söylə, ürəyincəmi?!” sayaq poetik şamlar yandırıb, SÖZdən estetik kamlar aldı...

 

Misralarının hər biri qulaqlara çatar-çatmaz, ürəklərə işləyir bu şairin. Heç zaman solmaz güllər kimi, eşqsaçan güllələr, küləçevrilməz közlər sayaqdır bu sənətkarın sözləri. “Eşqsaçan güllələr” dedim, 1937-nin bu günü - 6 yanvar gecəsində bu bənzərsiz şairimizə açılan güllə də səsləndi qulağımda. Ardınca da, sonralar xələflərindən birinin - İsa İsmayılzadənin İkinci Dünya müharibəsi güllələrilə bağlı yazdığı bir şeirdən iki misra gəldi nitqimə: “Güllələr demədi qayıdın geri, hələ uşaqsınız - nə yaşınız var”...

Bu misralardan sonra istədim daha sonralara keçəm, onu qaralamış qara keçmişin daha bir kəsiyi saxladı məni. Qırmızı bolşeviklərin bu neftrəng məmləkətin “gödənçi”-“Vətənçi” sinifləri arasında işini bitirib qələmçilərə keçdiyi çağları deyirəm. Onlar o qələmçilər arasındakı istedadsızlardan ibarət qruplar yaradır, ədəbiyyat-irfaniyyət aləmimizdəki Cavidlik-Müşfiqlikləri üzə çıxarmaqçün “kəndçi”-“şəhərli”, “asfalt şeri”-“torpaq şeri” nifaqlarına da əl atırdılar. Bu süni “tərəflər”in o dövr başçıları isə öz milli-bəşəri işlərində idilər; Yerlə kifayətlənməyən Hüseyn əfəndi “səma şairi” adlandırılmaqda, öz ali-əxlaqi, mədəni-mənəvi davranışı, “qumral gözlər”, “mənimlə əyişəydin”, “sular xırçın olaydı” kimi doğal-doğanaq ifadələr kanı Mikayıl söz aləmimizə təzə-tər nəfəs, bu əvəzsiz sərvət təsərrüfatımızın əkin-biçinçiləri arasına ümummilli bir konsensus gətirməkdə...

 

Onun öz Söz Tarı...

 

“Müşfiq “Oxu, tar” şeirində həmin çalğı alətini Sözlə çalıb” desəm, nə deyərsiz, əfəndilər?! Bəs dilimi “dolaşdırıb”, tarı sözlə, sözü tarla çalıb, desəm? Bu deyimdə bir “problem” yoxdursa, əlavə edim ki, tara “çal” əvəzinə “oxu” deyən bu ecazkar sənət aşiqindən yaxşı bir yazı yapmaq üçün gərək bunların hamısından əzəl yaranmış Sözoxuya! Tarixən saz ilə, avaz ilə dediklərimizi sonda aydınlatmalı olduğumuz yeganə vasitə, “su kimi lətafəti”, “hər ləhzə yoxdan var olan”, “Nə söz qaldı sənətkara dəyməmiş?!” kimi, öz klassik “avtoportret”ini yaratmış Söz. Qol-qanadlanıban bu könlü fırça, dəftəri tablo sənətkarı layiqincə vəsf üçün təzə-tər bir vər açması amacında olduğum Söz. Bir cansız mübtəda ki, nəqli epizodlar, epik təhkiyələr qanıq vermədikdə, dərhal yanıq taktlar, lirik notlar saçmasını, polifonik prelüdlər, folklorik etüdlər etməsini istərəm. Özü də öncə, bu böyük Azərbaycan Oğlunun ata-baba odasına - əfsanəvi Xızır nəbi qədəminə də məkan olmuş Xızı rayonunun Sayadlar obasına fövqəl-xəyalicə səfərimi barındırsın...

Budur, onun ev-muzeyi...

Elə bu elatın özü də canlı, təbii, lirik, dramatik bir muzey; həm də - otuzuna çatmamış başdan-başa lirik Mikayılın, otuz beşinə varmamış təpədən-dırnağa dramatik Cəfərin peyzaj-portret obrazlar qalereyalarına rəğmən. Hələ bəri başından başlanan bənzərsiz mənzərələr; təbiətən ulu, məziyyətən xalça-xalı dağlar, ürək-göbəyi boyunca çeşməli-sulu bağlar, ağıl-kamalca xoca, xaraktercə ərən, mənlik-mərdlikcə uca insanlar!..

Və tarixən ozanların tapındığı, aşıqların aşiqlənib, yazanların obrazlandığı bu dağların ətəklərində adına “ab-hava” deyilən həb, döşündə-qaşında fitrəti-qüdrəti təb, bəsirət gözüylə də baxa bilsən, - başından başda Rəbb! Çeşməli-sulu bağlarının mənzərəsi bəh-bəh, nər-nəğməsi cəh-cəh, meyvələri mey, bağbanları xoş-beş. Sakinlərinin insanlığı isə bu çətin, bu mürəkkəb dünyanın asanlığı! Sayğılı bir münasibətə qayğı dolu qarşılıq...

Belə-belə məsələlər, səninlə bu “xalqın acısı-şirini”ni çalmış və elə sənin bir neçə yalan üzvünlə cavanca canına qıyılmış əlahəzrət Söz! İndi gözaltıla ki, könülcə çox yaxın olan o binəyə məsafəcə hələ bir az var; yəni bu yolda çox da hədd keçib əhəd kəsmə ki, orda da qəhət çəkməyəsən. Gözətlə ki, o tikili içrə həm milli bir Minorluq, həm bəlli bir Majorluq var. Yəni, hədsiz qüssələnib qəmlənəndə şənliyə, fəxarətlənib şənlənəndə qəmliyə yer saxlamalı...

Obrazlarına elçi düşüm, məntiq-mənalarına yolçu olum, Söz! “Qələm” adlı əl mənim, aləm namlı ətək sənin. Məni, şair etdiyin bir rəhmətliyin “Söz çıxıb ceyran belinə!” misrasına süvar etmə. Hərdən “ayrılıq məndən düşəndə”, qafiyəvi pıçılda ki; “darıxma, a qələm, darılma kədər, o mövzu doğmadırsa, qayıdıb gələr”...

Əslində, mövzu doğmadan da doğmadır, cənab loğman Söz! Söhbət yalnız Səni necə seçmələyib, cümlə sapına nə cür muncuqlamaqdan gedir. Yoxsa xəyala nə zaval? Çətini - yürüyüb-yüyrənib o ocağa yetənəcən, hərlənib-fırlanıb bu mətləbi tutanacandı. O gözəllik sultanı, Söz kanının adını daşıyan bu muzeyin kandarına yetcək, birər-birər bitcək olarsan, inşallah. O obrazlar Xanı:

 

“İlhamımın yelkəni

zərrin saçın olaydı,

Sular xırçın olaydı” -

 

deyib, axı. Hərdən dramatikləşib:

 

“Çəkinərək çox zaman

söhbəti dəyişəydin,

Mənimlə əyişəydin”

 

söyləsə də, əlbəəl yundan yüngülə, pambıqdan yumşağa çevrilib:

 

“Saçın kimi qıvrılan

dalğalara dalaydım,

Dalıb ilham alaydım

 

Nəhayət, sən bir bu sözlərə fikir ver, ay Söz (!):

 

Asılaydı sözlərim -

Könlünün qulağından

bir qızıl tana kimi,

Günəş doğana kimi...

 

Arzuya bax, cənab Söz! Bütün zərfliklərindən zərif, fellərindən hərəki, gül-bülbül isimlərindən incəmi? Söylən, ən lətif, ən əntiq təbirincəmi?..

Bütün bunlar öz yerində. Fikrimin bir zikri var, Sözcan! Belə ki, sən bu növbəti əsirintək bir anlığa xəyala dal agah ol ki, birazdan o muzeydəki bəzi eksponat fotoşəkillərdən qəm repressiyası yüklənib, depressiyaya köklənəcəyik. Bunçu da, gəl, elə bu başdan o bədbinlik əleyhinə bir tablet nikbinlik həbi qəbul edək:

 

Sənin gülüşlərin yaz səhərindən

Hissimə, fikrimə sanki rəng alır.

Gül ki, şeirlərim gülüşlərindən

Qırılmaq bilməyən bir ahəng alır...

 

bu da bayaqdan gəldiyimiz ulu yolun solundakı tənha bina. Hər tərəfdən diqqətçəkən, düzəngahada”da odlu bir oda. Yolçu baxışına bab, dost ürəyinə qut, düzənlik mövqe-relyefinə hakim bir tikili. Amma... ətraf dağlara nisbətdə bir az “məhkum”. Fasad, interyer, ərazi tutumu sarıdan isə, “ey geniş kütlənin acısı, şirini” deyə xitablandığı “Oxu, tar”ının “sarı sim”i kimi...

Amma yaxşı ki, yolun sağında - yaranışdan qol-qola girib bu dünyanı yola verən dağlardan birinin sinəsində - çəkidə yüngüldən-yüngül, vəzndə ağırdan-ağır bir abidə. Ladı - məqam-muğam rübablar, adı - “Oxu, Tar”! Bu da, adı ilə tək elə bu düzəngahı yox, bütün Azərbaycanı şərəfləndirən gənc Müşfiq babanın öz zülüm-ölüm günlərindən bir il öncə öz əllərilə əkdiyi yeddi çinardan hələ diri qalmış birisi. Diri çinarı kirimişcə salamlayır, büstü qarşısında qurumuşca bağır basırıq. Cavabəvəzi “Onsuz üzüm gülməz, açılmaz aynam” kimi poetik “ərz”lər “eşidib”, içəri keçirik. Ölümündən 5-6 ay öncə yazdığı “Mənim könlüm deyir ki...” misrası fonunda son şəkillərindəki “akt”lara baxır, -

 

Susqun faktları dinləyirik...

 

Bunlar da, ifadə etdikləri Bəndənin həyatı kimi “ikili”dir. Adamı gah fəxarətdən, gah sıxıntıdan hipnoz edən fotolar, misralar. Bəzisi solğun, bəzisi yorğun. Gah halsız heyrət, gah sonsuz nifrət saçan bu fotoşəkillər zaman-zaman hər bir üzbəüzünün - tamaşaçıların gözlərini yağış-yağmurca yaşardar, misralarsa, bir ipəkcə yaylıq kimi qurular...

Bəs buradakı digər əşyaları nə adlandırıb, necə oxşayaq, yoldaş “37”?! Bax, bu sağdakı 39-cu şəkil həyat eşqli dəmlərin təcəllası... Bəs soldakı 40-cı? Sənin baş qəhrəmanı olduğun “şanlı” hakimiyyətin qanlı məcəlləsi?!.

O muzeydəki bu “rəngli” faktlardan sonra, yazılmayan “ağ-qara” bir “akt”: 1908-ci il iyunun 8-də Bakıda doğulmuş, Azərbaycan Dövlət Universitetini bitirmiş, nadir istedadı ilə poeziyamızın inkişafında xüsusi rol oynamış, orta məktəblərdə 7 il dərs demiş, 22 yaşında ilk kitabını çap etdirmiş, 26 yaşında Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Mikayıl Əbdülqadir oğlu İsmayılzadə - Mikayıl Müşfiq ədəbiyyatı dəlicəsinə, xalqını müdrikcəsinə, Dilbərini Məcnuncasına sevdiyinə görə, 6 yanvar 1938-ci ildə güllələnsin...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 11.