Liseydə Uşaq Bilik Portalının təqdimatı

 

Bakı şəhərindəki 291 nömrəli Ekologiya Liseyində Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın Uşaq Bilik Portalının (www.portal.azertag.az) təqdimatı olub.

Portal müxtəlif yaş qrupundan olan uşaqları tarixi, mədəni və elmi hadisələr, görkəmli şəxsiyyətlər barədə məlumatlandırmaq, onların estetik zövqünü formalaşdırmaq məqsədi daşıyır. Portalda cizgi filmləri, uşaq mahnıları, laylalar, nağıllar, tapmacalar, şeir və hekayələr də yerləşdirilir. Eyni zamanda uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara yer ayrılır. “Ensiklopediya” bölməsində isə bir çox sahələrə aid məlumatlar toplanır. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.

 

Mədəniyyət.- 2016.-  6 yanvar.- S. 11.