“Sənətdə başlıca məsələ özünəməxsusluqdur”

 

Tanınmış heykəltəraş Zakir Əhmədov 1955-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin heykəltəraşlıq fakültələrini bitirib. 1978-ci ildən sərgilərdə iştirak edir. 1989-cu ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 2005-ci ildə "Humay" milli mükafatına layiq görülüb.

 

Z.Əhmədovun əl işləri ölkəmizdə, eləcə də Türkiyə, Rusiya, Polşa, Çexiya, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Bakı şəhərinin müxtəlif yerlərində onun əsərlərinə rast gəlmək olar. Metronun “Azadlıq prospekti” stansiyasında “Doğma Azərbaycan”, Nizami küçəsində “Köhnə Bakı” divar qabartmaları, Zabitlər parkındakı “Çayçı”, İçərişəhərdə “Qoca bağban” heykəlləri bu qəbildəndir.

Onun sənətə gəlməsində böyük qardaşı, Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun dəstəyi çox olub. Sonradan birgə heykəllər də işləyiblər.

Z.Əhmədov deyir ki, ilk heykəlini orta məktəbdə oxuyarkən yaradıb. Bu, N.Tusinin ağacdan yonulmuş qorelyefi olubilk işini məktəbə hədiyyə edib: “Həmin işi məktəbin muzeyində görməli yerə qoymuşdular, ona görə çox sevinirdim. Beləcə heykəltəraş olmağa qərar verdim, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində Arif Qaziyevin sinfində təhsil aldım”.

Sənətkarın emalatxanasında gözoxşayan səliqə, təmizlik var. Hazır, kiçik heykəllər ayrı bir otaqda sərgiyə qoyulub. İlk baxışdan heykəllərindəki incəlik diqqəti çəkir. Obrazların zərifliyi tamaşaçıda lirik duyğular yaradır. Əsərlərin çoxunda başlıca mövzu sevgidir, sanki heykəltəraş insanın bu ali duyğusunu tərənnüm etməkdən doymur.

Heykəltəraşın fikrincə, sənətdə başlıca məsələ özünəməxsusluqdur. Yaxşı heykəltəraşın əsərinə baxanda onu kimin yaratdığını bilmək olur. Yaradıcılıq heykəltəraş üçün başlıca keyfiyyətdir. İstənilən adama rəsm çəkməyi və heykəl düzəltməyi öyrətmək olar, ancaq yaradıcılığı öyrətmək mümkün deyil. Yaradıcılıq ilahi vergidir, o, sənətkarla birgə doğulur.

Çağdaş dünya heykəltəraşlığının inkişafını yaxından izlədiyini deyən Z.Əhmədov bu məsələdə çox geridə olduğumuzu bildirir: “Hələ də bizimkilərin çoxu sosializm realizmindən qırağa çıxa bilməyib. Plagiat işlərə də rast gəlmək olur. İndi dünya heykəltəraşlığı modernizmrealizmin birliyi yönündə inkişaf edir. Başqa cərəyanlar çoxdan maraqsızlaşıb”.

Z.Əhmədov həm də rəssamdır. Burada da o, standartdan kənara çıxmağı bacarır. Rəsmlərindəki obrazlar birəbir heykəllərindəkidir: tez anlaşılan, insanı duyğulandıran. O, obrazlarını ənənəvilikdən çıxarır, rənglərin gücüylə onları ifadəli və inandırıcı şəkildə tamaşaçıya təqdim edir.

Müsahibimin fikrincə, incəsənət əsəri elə olmalıdır ki, ona baxan tamaşaçı sevinsin, duyğulansın, düşünsün. Ona görə Z.Əhmədov əsərlərində hansısa mənfi emosiyaların olmamasına çalışır. Deyir, sənət insanda həyata inam yaradır, insanları və dünyanı bizə sevdirir.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 6 yanvar.- S. 10.