AZAL uşaqlar üçün ekskursiya təşkil edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı şəhəri 160 saylı klassik gimnaziyanın 4-cü sinif şagirdləri üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil edib.

Öncə məktəblilər hava gəmilərinə texniki xidmət göstərən "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar, sonra aerovağzal ərazisini gəziblər. Aviasiya təhlükəsizliyi kinoloji xidmətinin işçiləri itlərin saxlanılması və təlimi, onların qaçaqmalçılıq ilə mübarizədə köməyi barədə uşaqlara məlumat veriblər. Növbəti tanışlıq məkanı aeroportun yanğınsöndürmə xidməti olub.

Ekskursiya dünyanın ən müasir sərnişin laynerlərindən olanBoeing 787 Dreamliner” təyyarəsi ilə tanışlıqla başa çatıb. Pilot və təyyarə bələdçiləri uşaqları təyyarənin quruluşu, salonları ilə tanış ediblər. Məktəblilər pilot kabinəsinə daxil olmaq şansı da qazanıblar.

 

Mədəniyyət.- 2016.- 6 yanvar.- S. 10.