Alman qəzeti həmyerlimizin fəaliyyətindən bəhs edib

 

Almaniyanın “Eschweiler Nachrichten” qəzetində dərc olunanLiberal qadınlar səslərinin eşidilməsini istəyirlər” başlıqlı məqalədə bu ölkənin Şimali Reyn-Vestfaliya Federal Torpağının Liberal Qadınlar Birliyinin illik yığıncağından bəhs edilib.

Məqalədə qurumun gördüyü işlər və məşğul olduğu məsələlərin müzakirəsi barədə məlumat verilir. Liberal Qadınlar”ın cəmiyyətdə kişi-qadın bərabərliyinin təmin edilməsi məsələsi ilə ciddi məşğul olduğu, qaçqınlar, maaş bərabərliyi, ailə və peşə, terrorizmə qarşı mübarizə məsələlərinə töhfə vermək istədiyi bildirilir.

Yazıda, həmçinin qeyd olunur ki, tədbirdə iştirak edən həmyerlimiz Samirə Patser-İsmayılova “Qadınların islam və Qərb dünyasının münasibətləri kontekstində transformasiyası” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, qloballaşan və dəyişən dünya bizim gündəlik həyatımıza təsir göstərir. İslam dünyasında qadın mövzusu da bu mənada müzakirə edilən məsələlərdəndir.

Samirə Patser-İsmayılova Azərbaycanda qadınların dünyəviliyinin təşviq olunduğunu söyləyib. O, Azərbaycanda qadınların hüquq bərabərliyi istiqamətində aparılan siyasətdən danışaraq ölkəmizdə qadınların seçki hüququnun hələ ABŞ və bir çox Avropa ölkələrindən əvvəl (1918) verildiyini diqqətə çatdırıb. Qərbdəki müsəlman qaçqınlar mövzusuna toxunan S.İsmayılova qaçqın qadınların azadlıqlarının müdafiə olunmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Almaniyada yaşayan həmyerlimiz Avropa Azərbaycanlıları Konqresinin rəhbəridir və uzun illər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru olub.

 

Mədəniy6yət.- 2016.- 8 yavar.- S. 15.