“Məqsədimiz serb və digər Balkan xalqlarını Azərbaycan mədəniyyəti ilə tanış etməkdir”

 

Belqrad Universitetinin tələbələri Azərbaycan haqqında tarixi mövzularda diplom işləri yazırlar

 

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri ölkəmizin zəngin mədəni irsinin, bu sahədə nailiyyətlərimizin tanıdılmasında, təbliğində mühüm rol oynayır. Belə mərkəzlərdən biri də Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzidir. Mərkəzin rəhbəri Serbiyanın Novi Sad İncəsənət Akademiyasının fortepiano kafedrasının professoru Zərifə Əlizadədir. Onunla müsahibəmizdə mərkəzin fəaliyyətinə ətraflı nəzər saldıq.

 

- Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzi nə zaman fəaliyyətə başlayıb və əsas prioritetləri nədən ibarətdir?

- Azərbaycan Mədəniyyət Mərkəzi 2010-cu ilin iyul ayında Belqrad şəhərində təsis edilib. Mərkəzin fəaliyyət istiqamətləri mədəniyyət və təhsil sahəsində proqramların hazırlanması və həyata keçirilməsi, həmçinin Azərbaycanın bu sahədə əldə etdiyi uğurların Serbiyada təbliğ olunmasından ibarətdir. Azərbaycan və Serbiya ictimaiyyətini xalqlarımızın tarixi, mədəniyyəti və mədəni irsi ilə tanış etmək, qarşılıqlı mədəni inteqrasiyaya töhfə vermək, Serbiyanın müvafiq təşkilatları ilə əlaqələrin yaradılması və inkişafı, iki ölkənin mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına yardım etmək, mədəni əməkdaşlığı genişləndirmək qarşımızda duran əsas vəzifələrdir.

- Son zamanlar həyata keçirdiyiniz layihələr, əldə edilən nəticələr barədə nə deyə bilərsiniz?

- Ötən müddətdə Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə bir çox layihələr həyata keçirmişik. Bu sırada müxtəlif nəşrlərin işıq üzü görməsini xüsusi qeyd etmək istərdim. “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən ümummilli lider Heydər Əliyev haqqında kitabın, tanınmış musiqişünas Zemfira Səfərovanın dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabının, Xalq şairi Rəsul Rzanın “Rənglər”, Xalq yazıçısı ElçininÖlüm hökmü” əsərinin, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuşQarabağ həqiqətləri” toplusunun, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidovanın tərtib etdiyi Serbcə-Azərbaycanca danışıq kitabçasının, Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərinin, gənc yazıçı Günel Anarqızının hekayələrinin və s. serb dilinə tərcüməsi və nəşri bu qəbildəndir. Serbiyada yaşayan həmvətənimiz Nərgiz Məmmədova tərəfindən tərcümə olunan “Mənim sevimli yeməklərim” kitabı Azərbaycanın milli mətbəxinin bu ölkədə təbliğinə xidmət edir. Bununla yanaşı, görkəmli serb yazıçısı Milorad Paviçin “Xəzər lüğəti” kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrini, hazırda serb dilinə tərcümə olunan akademik Ziya Bünyadovun “Azərbaycan VII-XI əsrlərdə” tarix kitabını da qeyd etmək olar. Mərkəz həmçinin Serbiyanın orta məktəb və gimnaziya şagirdləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı inşa müsabiqəsinin keçirilməsinə nail olmuşdur. Belqrad şəhər meriyasının binasında gənc serbiyalı sənətşünas Konstantin Novakoviçin çəkdiyi fotolardan ibarət “Azərbaycan, səyyahın təəssüratları” adlı fotosərgi təşkil etmişik. Sərgidə ilk dəfə olaraq Belqrad tamaşaçılarına Azərbaycan, ölkəmizin mədəni irsi və gözəl təbiəti təqdim edilmişdir.

Azərbaycan incəsənət ustalarının Serbiyaya yaradıcılıq səfərlərinin, konsertlərin təşkilində də mərkəz yaxından iştirak edir.

Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayevanın 2014-cü ilin iyununda Belqradda 14-cü “Orqan günləri”ndə iştirakını göstərə bilərik. Səfər çərçivəsində R.Babayeva Belqrad İncəsənət Akademiyasının tələbələri üçün ustad dərsi keçmiş, Müqəddəs Məryəm kilsəsində təşkil edilmiş konsertdə də çıxış etmişdi. Bu konsert zamanı Belqradda ilk dəfə Qara Qarayev, Vaqif Mustafazadə, Nazim Əliverdibəyov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə kimi Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirildi. Həmin il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Serbiyadakı səfirliyimizin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Novi Sad şəhərində keçirilən NOMUS beynəlxalq musiqi festivalı zamanı məşhur azərbaycanlı caz ifaçısı və pianoçu Əzizə Mustafazadənin konserti təşkil edildi. Buraya serbiyalı musiqiçilərin Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdikləri konsert proqramlarını da əlavə etmək olar. Xüsusilə qeyd etmək istərdim ki, serbiyalı müğənnilər xalq mahnılarımızı, Ü.Hacıbəyli, T.Quliyev kimi bəstəkarlarımızın əsərlərini böyük məmnuniyyətlə oxuyurlar. Onların bir neçəsini mərkəzimizin internet səhifəsində () yerləşdirmişik.

Hər il azərbaycanlı yazıçı, şair, filoloqrejissorlar Serbiyada təşkil olunan konfransfestivallarda iştirak edirlər.

2016-cı ildə ikinci dəfə “Yaz bayramları” adlı beynəlxalq uşaq festivalında, həmçinin “Serbiya Avropa ritmində” festivalında iştirak etmək niyyətindəyik. Bu festivallarda serbiyalı uşaqlar Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını ifa edəcəklər. Həmçinin Azərbaycan və Serbiyanın operabalet teatrları arasında əməkdaşlığın qurulması istiqamətində danışıqlar aparırıq. Bir sözlə, planlarımız çoxdur və onları müvəffəqiyyətlə həyata keçirəcəyimizə ümid edirik.

- Serbiyada Azərbaycan kifayət qədər tanınırmı?

- Qeyd etmək lazımdır ki, Serbiya, MonteneqroBosniyaHerseqovinada Azərbaycan səfirliyi açılanadək Qərbi Balkan ictimaiyyəti Azərbaycan haqqında, onun mədəniyyəti, tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər və dolğun məlumata malik deyildi. Bu baxımdan serb xalqını və Qərbi Balkanların digər xalqlarını Azərbaycanın rəngarəng mədəniyyəti, tarixibugünkü inkişafı ilə tanış etmək, ölkəmiz haqqında müsbət fikir formalaşdırmaq bizim üçün prioritet məsələdir. Bu məqsədlə biz hətta kiçik bir kitabxana da yaratmışıq. Belə ki, serbiyalı gənclər Azərbaycan dilitarixini öyrənməyə maraq göstərir, Belqrad Universitetinin tarix fakültəsinin tələbələri xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə maraq göstərərək Azərbaycan haqqında tarixi mövzularda diplom işləri yazırlar. Azərbaycan Mədəniyyət Mərkəzi səfirliyimizlə birgə Belqradda və Serbiyanın digər şəhərlərində valideyn himayəsindən məhrum olmuş uşaqlara humanitar yardım aksiyalarında da iştirak edir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, iki ölkə hökumətinin razılığı ilə Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi əbədiləşdirilib. 2011-ci ildə Azərbaycan Prezidentinin iştirakı ilə Dunay çayının sahilində Üzeyir Hacıbəyli memorialının açılışı keçirilib. Serbiya mədəniyyətinin və klassik musiqisinin beşiyi olan, əhalisinin sayına görə ölkənin ikinci böyük şəhər sayılan Novi Sadın İncəsənət Akademiyasının elmi şurası da müvafiq dövlət strukturlarının razılığı ilə Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi barədə qərar qəbul edib. Mərkəzimizin və Azərbaycan səfirliyinin müraciətini nəzərə alaraq, Akademiya, “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis olunması barədə qərar qəbul edib. Bu qərar əsasında elmi şura musiqi incəsənəti fakültəsinin ən yaxşı üç tələbəsinə təqaüd ayırıb.

Burada səfirliyimizin açılmasından və Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasından keçən beş il ərzində birgə apardığımız fəal işlər nəticəsində ölkəmiz Azərbaycan ümumilikdə bütün Balkan coğrafiyasında yaxşı təmsil olunur və tanınır. Əlbəttə ki, daha çox işlər görmək istəyirik, amma hərdən arzularımız imkanlarımızı üstələyir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 11.