Musiqi və incəsənət məktəblərində kadr dəyişikliyi

 

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 36 saylı uşaq musiqi məktəbində və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Oqtay Tofiq oğlu Muxtarov 36 saylı uşaq musiqi məktəbinin, Əziz Yaşar oğlu Qarayusifli isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.

Bu təyinatadək O.Muxtarov Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Ə.Qarayusifli Bülbül adına orta ixtisas musiqi məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

Yeni təyin olunan direktorların qarşısına nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişaf etdirilməsi, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr qoyulub.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 2.