Tbilisidə təhsil alan tələbələr Zəlimxan Yaqubun xatirəsini anıblar

 

Tbilisidəki İ.Cavaxişvili adına Dövlət Universitetindəki “Azərbaycanın dostları klubu” auditoriyasında Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Gürcüstan Texniki Universitetinin, Qara Dəniz Universitetininİ.Cavaxişvili adına Dövlət Universitetinin tələbələrinin təşəbbüsü və Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, gürcü tələbələr də iştirak ediblər.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, Tbilisidəki 64 saylı Azərbaycan məktəbinin müəlliməsi, “Ceyran” rəqs qrupunun rəhbəri Ceyran Qurbanova və başqaları çıxış edərək Zəlimxan Yaqub haqqında xatirələrini bölüşüb, şairin yaradıcılığında Vətənə, xalqa, torpağa bağlılığın tərənnümündən danışıblar.

Bildirilib ki, şair bir çox mükafatlara, Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. Onun yaradıcılığına Gürcüstanda yüksək qiymət verilib, şair bu ölkənin “Şərəf” ordeni ilə təltif olunub.

Tələbələr Lalə Bayramova, Səid Həmzəyev, Xədicə Hacıyeva, Zeynəb Bayramova, gənc aktyorrejissor Anar Rafiqoğlu şairin şeirlərindən parçalar söyləyiblər. Gənc şair Əhməd İlhamoğlu Zəlimxan Yaquba həsr etdiyi şeirləri oxuyub.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 7.