Ulu öndər haqqında sənədli film Qırğızıstan televiziyasında

 

Rejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyev haqqında çəkdiyi “Bir həsədin tarixi” sənədli filmi Qırğızıstanın İctimai Televiziyasında nümayiş etdirilib.

Filmdən əvvəl Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov kanalda efirə gedən “Zamana” proqramının canlı yayımda qonağı olub.

Səfir aparıcıların dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri, qırğız xalqına münasibəti ilə bağlı suallarını cavablandırıb. Ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə əldə olunan uğurlardan danışıb, onun dünya şöhrətli siyasi və dövlət xadimi olduğunu vurğulayıb.

Bildirilib ki, türk dünyasının böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyev türkdilli ölkələrlə qardaşlıq münasibətlərinin yaranması üçün mühüm işlər görüb. Mərkəzi Asiya ölkələri, eləcə də Qırğızıstan ilə qarşılıqlı əməkdaşlığın inkişafı Heydər Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən idi.

Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına məhəbbətlə yanaşdığını vurğulayıb, onun qırğız xalq eposu barədə sözlərini xatırladıb: “Manas”ın dili bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.

Diplomat deyib: “Mənim şəxsi fikrimdir ki, XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük şəxsiyyət bəxş edib. Dünya siyasətində Heydər Əliyevi, ədəbiyyatında Çingiz Aytmatovu”.

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 4.