Azərbaycan musiqisi polyakların ifasında

 

Ölkəmizin Polşadakı səfirliyinin təşəbbüsü ilə Varşavada yerləşən Karol Şımanovski adına musiqi məktəbində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, səfirlik əməkdaşları, K.Şımanovski adına musiqi məktəbinin direktoru Stanislav Halat və məktəbin müəllim-şagird heyəti, diasporun üzvləri iştirak ediblər.

Əvvəlcə Stanislav Halat çıxış edərək konsertin ərsəyə gəlməsində göstərilən dəstək və köməyə, həmçinin məktəbin kitabxanasına hədiyyə olunan Azərbaycan bəstəkarlarının əsərlərinə görə diplomatik nümayəndəliyimizə minnətdarlığını bildirib.

Saat yarım davam edən konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Sevda İbrahimova, Azər Dadaşov, Cavanşir QuliyevCeyhun Allahverdiyevin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən böyük məharətlə ifa olunub.

Sonda K.Şımanovski adına musiqi məktəbinin rəhbərliyinə və kollektivinə Azərbaycan musiqisinin təbliğində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən Həsən Həsənov gələcəkdə də onların repertuarlarında bəstəkarlarımızın əsərlərinin yer alacağına inamını ifadə edib.

 

Mədəniyyət.- 2016.-  20 yanvar.- S. 9.