Kitabxanalarda xatirə tədbirləri

 

Zaqatala rayon Mərkəzi kitabxanasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Vətən fədailəri” adlı dəyirmi masa keçirilib. Kitabxananın direktor müavini Zeynəb Qocayeva, əməkdaşlar Nüşabə Əfəndiyeva, Ülkər Hacıyeva, Leyla Mustafayeva Qanlı Yanvarın tarixindən, səbəblərindən söz açıblar. Qeyd olunub ki, sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq törətsə də, istəyinə nail olmadı, milli qürurumuzu qıra bilmədi. Sonda iştirakçılar “Qanlı Yanvar” başlıqlı sərgiyə baxıblar.

* * *

Cəfər Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında “20 Yanvar - şərəf tariximiz” adlı sərgi təşkil edilib, 20 Yanvar şəhidlərindən Ülvi Bünyadzadəni anma mərasimi keçirilib. Tədbirdə şəhid tələbə-şairin nakam həyat yolundan söhbət açılıb, şeirləri səsləndirilib.

* * *

Şirvan şəhər Mərkəzi kitabxanasında “Tariximizin qəhrəmanlıq və şərəfli səhifəsi” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru İltifat Nəbiyev, Alma Cəfərova, Vəzufə Xudiyeva, Yeganə Nağdəliyeva və digər çıxış edənlər Vətənin azadlığı uğrunda mübarizəyə qalxan günahsız insanların sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı olduqlarını diqqətə çatdırıblar. Şəhər 18 saylı orta məktəbin şagirdlərinin nümayiş etdirdiyi bədii kompozisiya maraqla qarşılanıb.

* * *

Zərdab rayon MKS-nin Oxuculara xidmət şöbəsinin oxu zalında “Şəhid yatan torpaq oyaqdır, yatmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib. MKS-nin əməkdaşları Mehparə Səfərəliyeva, Leyla İsgəndərli çıxışlarında bildiriblər ki, ən yeni tariximizin qan yaddaşı olan 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönməzliyini dünyaya göstərdi. Sonra 2 və 3 saylı orta məktəblərin şagirdləri 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.

* * *

Neftçala rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi tərəfindən Elton Həbibov adına 4 saylı orta məktəbin V sinfində “Milli Qəhrəmanlarımız” adlı tədbir təşkil ediblər. Uşaq şöbəsinin kitabxanaçısı Y.Qafarova öncə uşaqlarla şifahi sorğu apardıqdan sonra məruzə ilə çıxış edib. Vətən uğrunda canlarını fəda edən Elgiz Kərimov, Şamil Ramazanov və Yalçın Nəsirov haqqında şagirdlərə geniş məlumat verilib.

* * *

Goranboy rayon Mərkəzi kitabxanasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilir. “Tariximizin qan yaddaşı” adlı tədbirdə MKS-nin direktoru Gülnarə Nəsibova, Nəzakət Talıbova, Tarix-diyarşünaslıq muzeyinin bərpaçı rəssamı İlqar Əsgərov, 1 saylı şəhər sənətkarlıq klubunun müdiri Nazilə Kazımova çıxış edib. Sonda tədbir iştirakçıları “Qara Yanvar” adlı sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 7.