Şəhidlərin qəhrəmanlıq yolu

 

Salyan rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr edilən tədbir təşkil olunub.

Şagirdlər mərkəzin foyesində açılmış sərgiyə baxıblar, sonra o müdhiş gecənin dəhşətlərini əks etdirən film nümayiş olunub. Mərkəzin əməkdaşları faciənin səbəblərindən, sovet imperiyası rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasətindən danışıb, hadisəyə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.

* * *

Qusar rayon Heydər Əliyev Mərkəzində də anım mərasimi keçirilib. Mərkəzin direktoru Neva Abdurahmanova Qanlı Yanvar hadisələri haqqında danışıb. Şəhər 5 saylı orta məktəbin tarix müəllimi Gülçin Muradova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Nahid Hacıyev və başqaları çıxış edərək milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulayıblar.

Məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 7.