Şərəf və qürur günümüz

 

Kürdəmir rayon Mərkəzi kitabxanasında N.Nərimanov adına rayon Mədəniyyət mərkəzi ilə birlikdə “20 Yanvar - şərəf və qürur günümüz” adlı anım tədbiri keçirilib.

MKS-nin direktor müavini İ.Mahmudova Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisələri haqqında məlumat verib. Kitabxana işçiləri M.Şirəliyeva, X.Soltanova, Mədəniyyət mərkəzinin direktoru S.Həsənova çıxış edərək 20 Yanvar hadisələrinin mahiyyətindən söz açıblar. Tədbirdə ədəbi-musiqili kompozisiya və faciəyə həsr edilmiş sənədli film nümayiş olunub.

* * *

Qanlı Yanvarın ildönümü ilə əlaqədar olaraq Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələrində də tədbirlər keçirilib.

Yanvarın 18-19-da Aşağı Yağlıvənd, Mahmudlu 1 kənd və Horadiz şəhər uşaq musiqi məktəblərində şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.

Mədəniyyət işçilərinin iştirakı ilə şəhidlərin abidəsi ziyarət edilib. Horadiz şəhər Muğam mərkəzində 20 Yanvar faciəsi ilə bağlı videokadrların nümayişi ilə yaddaqalan anım mərasimi təşkil olunub. Rayon Mərkəzi kitabxanasında mövzu ilə bağlı sərgi nümayiş etdirilib.

 

Mədəniyyət.-  2016.- 20 yanvar.- S. 6.