Qan yaddaşımız

 

Yanvarın 19-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar - qan yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə muzeyin kollektivi, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, 200 saylı orta məktəbin şagirdləri və ziyalılar iştirak edirdi.

Mərasimdə professor Məhəmməd Teymurlu, yazıçı Vaqif Sultanlı, şəhid ailələrinin üzvləri çıxış edərək 26 il öncə baş vermiş faciəni bir daha gənclərin gözündə canlandırdılar, xatirələrini bölüşdülər.

Bildirdilər ki, ötən illər ərzində Azərbaycan xalqı öz qəhrəman oğul və qızlarını, vətənin müstəqilliyi, azadlığı uğrunda canlarını fəda edənləri unutmamış və heç zaman unutmayacaq. Qeyd olundu ki, Azərbaycanın azadlığı uğrunda həlak olmuş hər bir şəhidin xatirəsi əziz tutulacaq.

Sonra Azərbaycan Milli Konservatoriyasının tələbələri və “Aytam” Uşaqların və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvlərinin ifasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi.

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 3.