Xanəndəlik onun alın yazısı idi...

 

Musa Şuşinski Gəncə səhnəsində opera tamaşalarında maraqlı çıxışlar edib

 

Musiqi, muğam sədalı yurd yerimiz olan Şuşanın mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlardan biri də tanınmış xanəndə, pedaqoq Musa Şuşinskidir.

 

Musa Fərhad oğlu Şuşinski 1893-cü ildə dünyaya göz açıb. Əvvəlcə Şuşa şəhər məktəbində təhsil alan Musa sonradan dabbaq işləyən atasının yanında bu sənətin sirlərini öyrənir. Gənclik illərini yada salan xanəndə xatirələrində bu barədə yazır: “Atam məni oxutmaq istəmirdi. Sonra fikrini dəyişdi. Məktəbə getməyimə icazə verdi. On yaşım tamam olanda məktəbə getdim. Ancaq cəmi iki il oxudum. Sonra atam məni məktəbdən çıxardı... Mən dabbaqlıq sənətini öyrəndim. İyirmi yaşıma qədər atamın yanında işlədim. Bütün bunlara baxmayaraq, mənim həvəsim musiqiçi olmaq idi. Çünki gözümü açıb ilk dəfə məhəllə toylarında Cabbar Qaryağdıoğlunu, Keçəçioğlu Məhəmmədi dinləmişdim. Onların qrammofon vallarına saatlarla qulaq asardım. Sonra dükanda dəri aşılayarkən öz-özümə zümzümə edərdim. Bir gün dükanda heç kəs yox idi. Mən özüm üçün oxuyanda, demə, dayım - xanəndə Məmmədqulu dükanın yanında durub mənim oxumağıma qulaq asırmış. Bu hadisə mənim xanəndə olmağıma səbəb oldu...”

1912-ci ildə Musa qarmonçu Məşədi Müseyiblə Gəncə şəhərinə gedir. Orada gənc xanəndə Əbdülbaqi Bülbülcan, Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov kimi dövrünün görkəmli musiqiçiləri ilə tanış olur, dostluq əlaqəsi yaradır.

M.Şuşinskinin xanəndə kimi püxtələşməsində Malıbəyli Həmidin böyük xidməti olur. O, xatirələrində yazır: “Mənim xanəndə kimi tanınmağımda və bu sənətə yiyələnməyimdə hörmətli müəllimim Həmidin əməyi çoxdur. OndanRast”, “Orta segah”, “Humayun”, “Şüştər” muğamlarını tam dəsgah şəklində öyrəndim. Onu da deyim ki, Həmiddən sonra mənim ikinci müəllimim tarzən Məşədi Zeynal olub. Məşədi Zeynal ilə Həmidin öyrətdiyi muğamları çalıb-oxumaqla get-gedə muğam musiqisinə yiyələndim”.

Gənc xanəndə bir neçə il tarzənlər Məşədi Cəmil, Mədrüs, və kamançaçı Böyükkişi ilə Gəncə, Qarabağ və Şəki mahallarında toy şənliklərində iştirak edir. Musanın məlahətli səsi, şirin guşələri dinləyiciləri valeh edir. Çox keçmir istedadlı musiqiçinin şöhrəti Qarabağın hüdudlarını aşır.

1916-cı ildə “Auditoriyaklubu tərəfindən Tiflis şəhərinə dəvət edilir. Burada məşhur müğənni Seyid Şuşinski ilə birlikdə konsert verir. Konsertdə M.Şuşinski tarzən Rzabalanın müşayiəti ilə “Rast” muğamını məharətlə ifa edir və dinləyicilərin rəğbətini qazanır.

Onu da qeyd edək ki, M.Şuşinski də bəzi görkəmli xanəndələrimiz kimi, Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətlər göstərib. O, Tiflisdə yaşadığı illərdə (1916-1920) “Auditoriyaklubunda Əli Qurbanov, Ələkbər Seyfi, İbrahim İsfahanlı və digər artistlərlə operaoperetta tamaşalarında Kərəm, Sərvər, Əsgər rollarında çıxış edir.

Görkəmli musiqi tədqiqatçısı Firudin Şuşinski araşdırmasında göstərir ki, o dövrün teatr afişalarında M.Şuşinskinin adına tez-tez rast gəlinir. 1919-cu il 26 iyunda Tiflisİttihad” müsəlman dram cəmiyyəti Üzeyir Hacıbəylinin “O olmasın, bu olsunmusiqili komediyasını tamaşaya qoyur. Sərvər rolunu M.Şuşinski oynayır. Həmçinin teatr tamaşalarının fasilələrində maraqlı çıxışlar edir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra o, Gəncəyə qayıdır. Burada yaradılan Xalq teatrında Məşədi Cəmil Əmirov, Malıbəyli Əsgər və Bülbül ilə birlikdə çalışır. 1921-1922-ci illərdə “Təbliğat qatarı” ilə Gəncə mahalının bir çox yaşayış məntəqələrində olur. Zəhmətkeşlər qarşısında zəngin repertuarla çıxışlar edir. Xalq teatrında opera artisti kimi çıxış edən xanəndə eyni zamanda yeni açılan musiqi məktəbində muğam dərsi deyir.

1932-ci ilin yayında M.Şuşinski Ü.Hacıbəyli tərəfindən Bakıya dəvət edilir. O zaman məşhur bəstəkarın rəhbərliyi ilə şəhərin “Rote Fahne” (indiki Nizami parkı) parkında “Şərq konsertləri” təşkil olunurdu. O da paytaxt tamaşaçıları qarşısında çıxış edir. Şərq muğamlarını və qədim el nəğmələrini böyük ustalıqla ifa edən xanəndə dinləyicilərin hörmətini qazandığından ikinci dəfə indiki Dövlət Filarmoniyası binasında “Bayatı-Şiraz”, “Zabul”, “Çahargah” muğamlarını özünəməxsus ustalıqla oxuyur.

Tanınmış xanəndə Bakıya ikinci dəfə 1947-ci ildə Dövlət Radio Verilişləri Komitəsi tərəfindən dəvət olunur. Radioda tarzən Hacı Məmmədovun müşayiəti ilə bir neçə muğam və təsnif ifa edir.

M.Şuşinski harada olursa-olsun Azərbaycan musiqisinin mahir bir təbliğatçısı kimi çıxış edib. Uzun illər Gəncə Dövlət Filarmoniyasında və teatrında uğurla fəaliyyət göstərib. 1957-ci ildən ömrünün sonuna kimi Gəncə musiqi məktəbində müəllimlik edib, gənc xanəndələr yetişdirib. Görkəmli xanəndə 1971-ci il yanvarın 25-də, 78 yaşında Gəncədə vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 22  yanvar.- S. 15.