ABŞ-dakı Qarabağ Fondunun rəhbəri yüksək vəzifəyə seçilib

 

ABŞ-dakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network) və Qarabağ Fondunun idarə heyətinin rəhbəri Adil Bağırov Ohayo ştatının Dayton şəhərində Təhsil Şurasının rəhbəri seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Amerika Birləşmiş Ştatlarında rəsmi dövlət vəzifəsinə seçilmiş ilk azərbaycanlının rəhbərlik edəcəyi Təhsil Şurası ABŞ-da ən nüfuzlu ictimai qurumlardan hesab olunur. Qurum 14 min şagirdin təhsil aldığı 30 məktəbə və bu təhsil ocaqları üçün ayrılmış 500 milyon dollarlıq büdcənin icrasına nəzarət edir.

A.Bağırov belə bir vəzifəyə seçilməsindən qürur hissi duyduğunu, ona olan inam və etibarı doğruldacağını bildirib. Xatırladaq ki, A.Bağırov 2013-cü ildə də Deyton şəhərinin Təhsil Şurasına üzv seçilib.

Soydaşımız 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 12.