Ədəbiyyatımızın ilk generalı

 

İsmayıl bəy Qutqaşınlı - 210

 

Görkəmli ədib, alovlu vətənpərvər, böyük maarifçimiz.

Qaynar gənclik çağlarını hərbə sərf etməli olduğundan, sənətə xeyli gecikmiş, saysız ölüm-dirim savaşlarından sağ-salamat çıxmış bu yazıçı, sən demə, öz xanımı ilə Ağdaş mahalı karvansarasında imperiyanın “dəm qazından boğulma”, talenin isə “zəhərləndirilmə” yazısına doğru gəlirmiş...

 

Düz 210 il bundan əvvəl sonuncu Qəbələ sultanının ailəsində dünyaya gəldi, 147 il öncə adi bir karvansarada dünyadan getdi. İçdiyi suya zəhər qatılmaqla. Dovşanaqaç”, tazıya “tut” deyən çar Rusiyası tərəfindən. Bəzilərimizin “öz işimiz xatirinə dayı” dediyimiz, digər dindaşlarımıza nisbətdə daha fəxarətlə kirvə tutub, müsəlmanlaşdığımız erməninin əli ilə!..

Bu an, ümumən, yol-yolçuluq, gələnək-gedənək fəlsəfəsini ehtiva edən o obyektdə baş vermiş həmin siyasi-konspirativ olayla ilgili özümüzə bab bir xitab: Ey türk-müsəlman qövmü, ovsarını öz sarbanının əlində saxlamasan, hər dürlü mədəniyyət, mənəviyyat, maddiyyat yüklü karvanlarının taleyi belə olacaq

 

Ailə və aləm...

 

1806-cı ilin Qurban bayramı günü doğulan bu müsəlmana - həyatı Allahın göndərdiyi qoç sayəsində xilas olmuş ismi-şərifin adını versələr də, o, xristianların qurbanı oldu. Çar imperiyası Şimali Azərbaycanı ilhaq edəndə İsmayılın yeddi yaşı vardı.

İsmayıl çox fəhmli uşaq imiş; xatirələrə görə, o, “Fitilbörk”dən (Sankt-Peterburqdan) bu mahalın son sultanı olmuş atasının elə həmin əraziyə başçı təyin edilməsi barədə gələn xəbəri laqeydliklə qarşılayan yaşlı ailə üzvlərinə nisbətən daha şadyanalıqla qarşılayır, əllərini sinəsində çarpazlayaraq “səni bu mahalımız boyda təbrik edirəm, atacan!” - deyib.

İllər keçəcək, dillərini dinc saxlamaları üçün bütün başqa zadəganlar, camaat içində sözükeçən imkanlılar kimi, sultan Nəsrullanın da ən sevimli İsmayılını on iki yaşında doğma ailədən ayırıb çar ordusuna aparacaqlaro hər gəlişində əlini təzimlə sinəsinə yox, şəstlə gicgahına qoyub, yarızarafat-yarıciddi tərzdə “kapitan, mayor, polkovnik, general övladınızı təbrik edə bilərsiniz, əzizlərim!” - deyəcəkdi...

...O günlər onun o əzizlərindən hansının ağlına gələrdi ki, sadəlövhlük mayalı o təbriklərin, şadyanalıqların mənzil başı hansısa bir karvansara olacaq?..

...Dörd il Peterburq kadet məktəbində oxuyub təhsilini başa vuran və 1822-ci ildən - 16 yaşından Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlayan İsmayıl bəy 1826-28-ci illər Rusiya-İran və 1827-29-cu illər Rusiya-Türkiyə müharibələrində iştirak edir. Döyüşlərdə fərqləndiyinə görə müxtəlif ordenlərlə təltif edilir (və çox sonralar - istefada olarkən, ən yaxın sirdaşlarına türk-müsəlman ordularına qarşı qəhrəmanlıqlarını xəcalət hisslərilə yad edir).

Müharibələr bitdikdən sonra məhkum olduğu orduda hərbi xidmətini davam etdirən, vəzifəsilə ilgili bir müddət Varşavada yaşamalı olan İsmayıl bəy xarici məkanların mədəniyyət aləmilə də dərindən tanış olmağa çalışır, sanki özünü sonralar Abbasqulu ağa Bakıxanov - Mirzə Fətəli Axundzadə - İsmayıl bəy Qutqaşınlı isimləri daxil - “Paqonlu maarifçilər üçlüyü”nə hazırlayırmış.

1841-ci ildə general-mayor rütbəsilə istefaya buraxılan İsmayıl bəy Qutqaşınlı doğma yurduna qayıdır. Başları əkin-biçin, mal-davar, bağ-bağat işlərindən ayılmayan mahal əhli bironda ayılır ki, qarşılarında məhəlli-milli problemlərinin həllinə daim müntəzir olan otuz beş yaşlı bir general eloğlu dayanıb! O “çarıqlı-patavalı” camaat bu başdan-başa ziyalı üzvünün uzun illər ayrı-ayrı ölkələrdən beyin-başına yığdığı məlumatlar, ayıq-aydınlıqlar sayəsində yavaş-yavaş qəflət yuxusundan oyanır, qarşıdakı Axundzadə səhnələrinə, Zərdabi “Əkinçi”sinə, Mirzə Cəlil “Molla Nəsrəddin”inə doğru irəliləyirdilər...

Bir müddət Qutqaşında yaşayan İsmayıl bəy sonralar Şamaxıya yollanır, hərbi təmayüllü məktəbdə dərs deyir, “Bəy komissiyası”nda çalışır (burada öz vəsaiti hesabına açdırdığı məktəbdə sonralar təbiətşünas alim, mətbu babamız Həsən bəy Zərdabi də oxuyacaqdı). 1852-ci ildə həyat yoldaşı Tutu xanım Bikə ilə Yaxın Şərq ölkələrinə səyahətə çıxır, oraların ən yaxşı hal-əhvallarını doğma mahalına köçürüb millətini oyatmaq haqda da düşünüb-daşınır. Axı bu ziyalı (gözü dənizlərdən doymayan bir derjavanın ona və arvadına bir dolça su ilə sui-qəsd edəcəyini bilməsə də) “düşmən heç vaxt yatmır” fəlsəfəsini yaxşı bilirdi!..

 

Və yazırdı...

 

Ədəbiyyatımızda nəsr təcrübəsinin çox aşağı olduğu bir dövrdə gözəl nümunələr yazır, müasir nəsr, hekayə janrının bünörəsini qoyurdu.

Azərbaycanda realist nəsrin ilk nümunələrindən (və 1835-ci ildə xaricdə nəşr edilən ilk Azərbaycan kitabı) olan “Rəşid bəy və Səadət xanım” hekayəsində xalqımızın məişəti, adət-ənənələri, təbiət gözəllikləri əsl sənətkar eşqi, milli övlad məhəbbətilə əks olunub. Elə həmin məhəbbətlə qeyd etməliyik ki, ədibin tək elə tədqiqatçısı yox, həm də milli düşüncə və repressiya taleli davamçısı Salman Mümtaz bu əsərin əlyazmasının axtarışına otuz il vaxt sərf etmişdi (İsmayıl bəyin Həcc ziyarəti zamanı görüb-götürdüklərinin nəticəsi olaraq qələmə aldığı çox maraqlı “Səfərnamə” əsəri də ölümündən yüz il sonra oxuculara çatdırılmışdır). Ədibin daha bir tədqiqatçısı Ə.Mirəhmədov yazırdı ki, “Səfərnamə”də Qutqaşınlının işlətdiyi dil-üslub və lüğət tərkibinə heyrət etməyə bilmirsən: Uzun illər Rusiyada, Varşavada, başqa millətlərdən olan adamların içərisində yaşamasına, 25 il hərbçi (!) olmasına baxmayaraq, Qutqaşınlı öz ana dilini, onun zənginliyini, saflığını, sadəlik və şirinliyini necə məhəbbətlə qoruyub saxlamışdır!”

İctimai-rəsmi görəvi ordu ilə bağlı olan bu hərbçinin ədəbi fəaliyyət həcmi, böyük istedadına nisbətdə, bəlkə də iri bir hekayə qədərindədir. Ancaq onun Həcc ziyarətinin məhsulu olan “Səfərnamə”sini gedib-gəldiyi yolların ədəbi-coğrafi ensiklopediyası da adlandırmaq olar. Xanımının vəfa, sədaqət, gözəllik, evdarlıq aləmi (və adı) ilə bağlı yazdığı “Tutu” adlı əsərinin it-bata salınmasını isə ədəbiyyatşünaslar çox təəssüflə xatırlayırlar. Mütəxəssislərin bu təəssüfü həm də müəllifin “Rəşid bəy və Səadət xanım” hekayəsindəki gözəl üslub, ilk nəsr nümunəmizçün qeyri-adi görünən təhkiyə elementlərinə görədir:

“May ayının gözəl bir günü idi. Təbiətin canlanıb bəzəndiyi bir zamanda Azərbaycan bəylərindən birinin Səadət adlı yeganə qızı sübh çağı gözəl bir evdən çıxıb xoş bir hava ilə oxşanmaq, çiçəklərin nəşə verən ətirlərini iyləmək, quşların nəvazişli nəğmələrini dinləməkçün səfalı bir bağa girdi.

Qız bağa girər-girməz göy üzü daha da gözəlləşdi, fərəhlə səslənən quşlar ağaclardan ayağa töküldülər, hava lətif ətirlərlə doldu. Bütün təbiət sanki özünü ona bəyəndirmək istəyirdi; belə bir gözəl vücuda özünü bəyəndirməyi kim istəməz!

Gözəl Səadət bağda bir qədər gəzdikdən sonra böyük şabalıd ağacının dibində, çəmənlikdə əyləşdi. O, fikir dəryasına qərq olmuşdu. Səbəbini özü bilmədən ah çəkirdi. Yox, onun həyatında başqa bir çatışmazlıq yox idi. Səadət yalnız bir sevgili arzusunda idi. Sevgisiz həyat-bədbəxtlik qəm-qüssədir.

Bir gün dərin xəyallara dalan qızın qulağına həzin bir səs gəldi: “Ah! Mən sevgimi gizli saxlamaq üçün nələr etməzdim! Ocaq üstündə qaynayan bir qab su da mənim könlüm qədər qaynar ola bilməz”...

 

Yenəsu”...

 

Belə birinternasionalhərbçi, dünyəvi duyğulu ədib milli ziyalı 1854-cü ildəTürkiyə Anadolu ordusunun baş komandanlığı ilə əlaqə saxlamaqdagünahlandırılıb, həyatının sonuna qədər nəzarət altında saxlanır, 1861-ci ildə - 63 yaşında guyadəm qazı”, əslində isə zəhər qatılmış bir qab su ilə öldürülür...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 22.