Rəşid Behbudovun yubileyinə həsr olunmuş növbəti musiqi axşamı

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə paytaxtın Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbinin şagirdləri çıxış ediblər. Balaca istedadları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Proqramda dünya, eləcə də Azərbaycan musiqi xəzinəsindən incilər səsləndirilib.

Görkəmli sənətkarın adını daşıyan musiqi məktəbinin yetirmələri ölkəmizin mədəni həyatında daim fəallıqları ilə seçilirlər. Onlar Azərbaycan vokal məktəbinin, o cümlədən Rəşid Behbudov sənətinin ənənələrini səylə davam etdirirlər. Məktəbin kollektivi ötən il böyük musiqiçinin 100 illiyi münasibətilə bir neçə konsert proqramında çıxış ediblər. Məktəbin şagirdləri respublika və beynəlxalq miqyaslı müsabiqələrdə yüksək nəticələr əldə edirlər.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 20.