İSESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası keçirilib

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2016-cı il yanvarın 14-də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Müxtəlif nazirlik və təşkilatların rəhbər şəxslərinin yer aldığı komissiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

 

Yanvarın 25-də sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı komissiyanın ilk iclası keçirildi. İclası komissiyanın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ötən ilin noyabrında İSESCO Baş Konfransının Bakıda keçirilmiş 12-ci sessiyasında Azərbaycanın üç il müddətinə Baş Konfransın sədri seçildiyini diqqətə çatdırdı, bu faktın ölkəmizin təşkilatla münasibətlərində əlamətdar hadisə olduğunu bildirdi. Qeyd edildi ki, dövlətimizin başçısı İSESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, qurumla əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə komissiyanın yaradılması barədə sərəncam imzalayıb.

İSESCO üzrə Milli Komissiyada müxtəlif qurumlardan 10 üzvün təmsil olunduğunu deyən nazir bunu ölkə rəhbərinin göstərdiyi böyük etimad kimi dəyərləndirdi və sərəncamın komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu vurğuladı.

Qeyd edildi ki, son illər ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyəti nəticəsində ölkəmizin islam dünyasına, mədəniyyətinə inteqrasiya prosesi fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər. Nazir komissiyanın bu işin öhdəsindən layiqincə gəlməyə nail olacağına əminliyini ifadə etdi.

Bakı şəhərinin 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” olduğunu xatırladan Əbülfəs Qarayev, İSESCO-nun qərarı ilə 2018-ci ildə də Naxçıvanın bu yüksək missiyanı yerinə yetirəcəyini diqqətə çatdırdı. Vurğulandı ki, bütün bunlar Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə islam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir. Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” estafetini qəbul etməsi ilə bağlı işlərə artıq indidən başlanılması vacibdir.

Sonra iclasda Azərbaycan və İSESCO arasındakı əməkdaşlıq, Milli Komissiyanın işi, İSESCO-nun Baş Konfransının funksiyaları və digər mövzular ətrafında müzakirələr aparıldı.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 6.