Turizm haqqında” qanun layihəsi birinci oxunuşda plenar iclasa tövsiyə olunub

 

 

 

   Milli Məclisin Əmək və sosial siyasət komitəsinin aprelin 4-də keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsi yenidən işlənmiş formada müzakirəyə çıxarılıb.

   Parlamentin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev məlumat verib ki, qanun layihəsi 88 maddədən 70 maddəyə endirilib: “Sektorun stimullaşdırılması məqsədilə bir sıra müddəalar nəzərdə tutulub. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası əksini tapıb”.

   Komitə sədri Hadi Rəcəbli bildirib ki, layihə təkmil formadadır: “Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Çalışırıq ki, üçulduzlu hotellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üçulduzlu hotellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd mövcud problemlərin aradan qaldırılmasına hesablanıb”.

   İclasda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov yeni qanunun turizm sənayesinin inkişafına hüquqi zəmin yaradacağını deyib. Nazir müavini Dövlət Turizm Reyestrinin yaradılmasının vacibliyini vurğulayıb: “Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər mövcuddur”.

   O, qanunlara əməl etməyən hotellərə qarşı cərimələrin tətbiq olunmasını təklif edib. Bildirilib ki, Azərbaycanda 554 hotel qeydiyyata alınıb. Amma yalnız 130-u sertifikatlaşdırmadan keçib. Standartlara uyğun olmayan sayda ulduz yapışdıran hotellərə qarşı maddi sanksiyalar tətbiq olunmalıdır.

   Nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, hazırda turizm sahəsində peşə hazırlığı sertifikasiyasına çox böyük ehtiyac var: “Bu gün turizm sahəsində qiymətlərin aşağı, xidmət səviyyəsinin yüksək olmasını istəyiriksə, turizm obyektlərinin sayı çox olmalıdır”.

   Müzakirələrdən sonra layihə birinci oxunuşda plenar iclasa tövsiyə olunub.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.2.