Sənətsevərlər qarşısında hesabat zamanı

 

 

 

   Çoxdandır ki, bu konserti gözləyirik. Rəqs sənətini sevənlər də, Azərbaycan Dövlət Rəqs Ansamblının solo konserti üçün darıxanlar da, dünya şöhrətli baletmeyster, Qafqaz xalq rəqslərinin bilicisi, Rusiyanın Xalq artisti Dikalu Muzakayev bu kollektivlə işləməyə başladıqdan sonra hansı yeniliklərin baş verdiyinə şahid olmaq istəyənlər də. Az qalıb.

   Aprelin 10-da Heydər Əliyev Sarayında kollektiv «Mənim Azərbaycanım» adlı konsert proqramı ilə çıxış edəcək və «Koroğlu» birpərdəli milli baletini təqdim edəcək. Onu da qeyd edək ki, konsert həm də Bakı Şopinq Festivalının təntənəli açılış mərasiminə təsadüf edəcək.

   Çoxdan gözlədiyimiz konsertdə nələr olacaq marağı ilə üz tutduq ansamblın məkanına.

   İri salonda məşq gedir. Biz də dinməzcə məşqi izləyirik. Fasilə zamanı Dikalu Muzakayev ilə ayaqüstü söhbət edirik. Məsul çıxış öncəsi bədii rəhbərin vaxtını çox almaq istəmirik.

   - Proqramımız hazırdır, Mədəniyyət və Turizm Nazirliyionu qəbul edib. Amma yenə də hər gün məşq edirik. Bir qədər uzun fasilədən sonra kollektiv tam yeni proqramla rəqs sevənlərin qarşısına çıxacaq. İkihissəli konsertdə 18 rəqs nömrəsi və ilk dəfə Azərbaycan xalq musiqisinin əsasında mənim quruluş verdiyim «Koroğlu» baleti təqdim ediləcək.

   Rəqslərə gəlincə, mən sizin qəzetə verdiyim əvvəlki müsahibələrdə qeyd etdiyim xətti davam etdirirəm. Bir zamanlar Əlibaba Abdullayevin, Roza Cəlilovanın, Xumar Zülfüqarova və digər xoreoqrafların ən gözəl, heç bir kənar, digər xalqlardan mənimsənilməyən hərəkətlərin daxil olmadığı əsl Azərbaycan rəqslərini proqrama daxil etmişik. Mərhum Əlibaba Abdullayev Azərbaycan rəqslərini səhnə sənəti səviyyəsinə qaldırmış, ömrünü milli rəqs sənəti məktəbini yaratmağa, milli rəqslər qurmağa həsr etmiş bir şəxsiyyətdir. Onun quruluşları Azərbaycan Dövlət Rəqs Ansamblının repertuarında həmişə olmalıdır. Bunlardan «Qavalla lirik rəqs», «Gənclik», «Bahar», «Toy» rəqslərini bərpa etmişik. Rəqslərin bəzisinə yeni redaksiyada quruluş vermişəm, «Tərəkəmə» rəqsini isə ustadın xoreoqrafiyasını saxlamaq şərtilə yenidən qurmuşam. Çox şadam ki, xalq artistləri, görkəmli rəqqasələr Roza Cəlilova ilə Xumar Zülfüqarovanın quruluş verdiyi gözəl rəqslər də bərpa edilərək proqrama daxil edilib.

   - «Koroğlu» baletini daha maraqla gözləyirik...

   - Bu balet «Çoban bayatı», «Əlində sazın qurbanı», «Qoç Koroğlu», «Xan çobanı», «Cığatayı», «Misri», «Koroğlu nağarası», «Laçın», «Qaladan-qalaya yallısı» el havaları əsasında bəstəkar Vüqar Camalzadənin aranjiman etdiyi kompozisiya əsasında süjetli səhnə əsəri kimi qurulub. Əsərin musiqi rəhbəri isə Nazim Abdullayevdir. Bu barədə çox danışmaq istəmirəm. Konsertdən sonra hər şey aydın olacaq.

   - Bəlkə də bu sualı vermək hələ tezdir. Amma rəhbərliyiniz altında çalışan kollektivdən davamlı yeniliklər gözləməyə haqqımız var...

   - Əlbəttə, 10 apreldə təqdim ediləcək proqram bir özəkdir. Proqram yenilənməsə, tamaşaçı təkrar baxmaq istəməz. Rəqs ansamblının repertuarı daim zənginləşməli, yeni nömrələr əlavə olunmalıdır. Əlbəttə, dünyada tanınan rəqs kollektivləri ilə ayaqlaşmaq üçün çox çalışmaq, məşhur əcnəbi xoreoqraflardan öyrənmək, repertuarı zənginləşdirmək lazımdır. Azərbaycan rəqsinin dünyada tanınmaq üçün hər cür imkanı var: gözəl musiqi, istər kişi, istər qadın rəqsində zəngin hərəkətlər, yaxşı musiqi duyumu. Çalışqanlığı, davamlı məşqi, daim öyrənmək istəyini də əlavə etsək, kifayətdir.

   Azərbaycan Dövlət Rəqs Ansamblı ətrafında sanballı yaradıcı heyət toplanıb: xalq artistləri Roza Cəlilova, Rüfət Xəlilzadə, əməkdar artist Xanlar Bəşirov, Nazim Abdullayev, Gülnara XanbabayevaSaina Əhmədova kimi xoreoqraflar, geyim rəssamı Nazim Yunusov, musiqişünas Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, bəstəkar Vüqar Camalzadə, rəqs musiqisini duyan aranjimançı Ramin Hüseynov - belə işçi qrupla daha geniş proqram hazırlamaq mümkündür.

  

   Bizöz növbəmizdə kollektivə «Mənim Azərbaycanım» konsert proqramında uğurlar arzulayırıq. Sonda maestro Muzakayev deyir: «Bizim tamaşaçıdan gözlədiyimiz alqışdır. Sizin alqışlarınıza layiq çıxış etməyə iddialıyıq».

  

   Gülcahan Mirməmməd  

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.5.