“Əl Fəcr” qəzeti ərəb turistləri Azərbaycana səfərə dəvət edir

 

 

   Birləşmiş Ərəb Əmirliklərinin “Əl Fəcr” qəzetinin birinci səhifəsi bütövlükdə Azərbaycana həsr olunub. Qəzetin baş redaktoru Şərif Əl Bəsilin imzası ilə “Azərbaycan özünün təbiəti, tarixiirsi ilə həmişə qəlblərdədir” adlı geniş məqalə dərc edilib.

   Qəzetin baş redaktoru iki dəfə Azərbaycanda olub, ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edib, milli adət-ənənələrimiz, mədəniyyətimiz haqqında dəfələrlə müxtəlif məqalələr qələmə alıb.

   Müəllif Azərbaycanda son vaxtlar turizm sahəsində sürətli inkişafdan bəhs edərək, özünün təbiəti, geniş infrastrukturu, istirahət zonaları, tarixi yerləri və arxeoloji qazıntıları ilə ölkəmizin dünyanın qlobal turizm xəritəsində tutduğu önəmli yeri qeyd edir. Baş redaktor bu mövzuda xidmət sahələrinin gündən-günə müasir standartlara uyğunlaşdırıldığını, gözəlləşən Azərbaycanın sürətlə inkişaf etdiyini xüsusi vurğulayır.

   Qeyd olunur ki, Azərbaycana hər dəfə səfər edəndə insan özü üçün yeni kəşflər edir. Belə ki, ölkəmizin hər bir şəhərində tarixi elementlərlə yanaşı, müasirliyin naxışları öz əksini tapıb. Bu şəhərlərdə istirahətlə yanaşı, ekzotik zövq almaq üçün imkanlar, gözoxşayan təbiət, həmçinin turizmin əksər növlərindən faydalanmaq olar.

   Məqalədə Azərbaycanın regionlarının turizm imkanları haqqında ətraflı məlumat verilir. Qəbələdəki qış turizmi infrastrukturu, hotellər, meşə və çaylarla zəngin olan bölgənin təbiəti barədə söz açılır. Baş redaktor Gəncə şəhərindən bəhs edərkən buranın görkəmli ədiblər yurdu, o cümlədən dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin vətəni olduğunu vurğulayır. Müəllif həmçinin Şəkinin tarixi, qədim abidələri barədə oxuculara ətraflı məlumat verir.

   Baş redaktor Azərbaycanın füsunkar gözəlliyini görmək üçün ərəb turistləri ölkəmizə səfərə dəvət edir.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.8.