Dərin ifadəli baxış və bəlağətli səs

 

 

 

   Teatr tamaşalarında və kinofilmlərdə bir-birindən maraqlı obrazlar yaradan görkəmli aktyor, bədii qiraət ustası, Xalq artisti Əli Zeynalov həm də qəlbəyatan nadir səsi ilə tamaşaçı və dinləyici auditoriyasının yaddaşında dərin iz qoyub.

   Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyan şəhərində dünyaya göz açıb. Atası Azərbaycanın maarifpərvər ziyalılarından biri kimi tanınıb, ötən əsrin əvvəllərində Salyanda ilk qız məktəbi açıb. Onun müəllifi olduğu “Əlifba” dərsliyi uzun illər məktəblərdə tədris edilib.

   Əli Zeynalov 1933-cü ildə Bakı Teatr Texnikumunda təhsilini başa vurur, təyinatla İrəvan Azərbaycan Dram Teatrında çalışır. Sonralar sənətkar buradakı fəaliyyətini ömrünün ən məhsuldar, yaradıcılığının “qızıl dövrü adlandırırdı. O vaxtlar İrəvan teatrının ən çox müraciət etdiyi dramaturq Cəfər Cabbarlı idi və Ə.Zeynalov onun əsərlərinin baş rollarını canlandırıb. O, İrəvan teatrında təkcə aktyorluq etməyib, eyni zamanda sənətin sirlərini gənc aktyorlara öyrədib.

   1945-ci ildə Bakıya dönən aktyor Akademik Dram Teatrında fəaliyyətini davam etdirir. Teatrın səhnəsində bir-birindən maraqlı, fərqli obrazlar yaradır. Şekspirin, Hüqonun, Lope de Veqanın, C.Cabbarlının, N.Hikmətin, L.Tolstoyun, İ.Əfəndiyevin əsərləri əsasında hazırlanan tamaşalarda həyat verdiyi obrazlar tamaşaçı alqışları ilə qarşılanır. Araşdırmalarda qeyd olunur ki, aktyorun iki tamaşada oynadığı rol xüsusilə maraq doğurub. “AntonioKleopatra” tamaşasında onun yaratdığı Antonio obrazı və unudulmaz aktrisa Hökümə Qurbanovanın Kleopatrası böyük sevgi ilə qarşılanıb, bu gün də teatrsevərlərin yaddaşındadır.

   1964-cü ildə Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi tamaşaya qoyulur. Əsərin qəhrəmanı Həsənzadə obrazını Ə.Zeynalov, Nargiləni isə səhnədə ilk addımlarını atan gənc aktrisa Amaliya Pənahova oynayır. Görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi tamaşada Həsənzadə (Ə.Zeynalov) nə qədər təmkinli, səbirlidirsə, Nargilə (A.Pənahova) son dərəcə çılğın, emosional və şıltaqdır. Hər iki ifaçı bu əks qütblü qəhrəmanları o qədər inandırıcı və koloritli yaradıblar ki, sonralar eyniadlı televiziya tamaşası çəkilsə də, tamaşa başqa quruluşlarda səhnələşdirilsə də, onların vurduğu naxışlar təkrarsız olduğunu göstərdi.

   Ə.Zeynalov 1975-ci ildə səhnədən uzaqlaşır. O, bu barədə “İki ömrüm olsaydı...” kitabında yazır: “Bir gün teatrın direktoru məni yanına çağırdı və dedi ki, “Vaqif” tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. - Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən - Vaqif? - Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdirinin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim”.

   Beləliklə, ustad sənətkar yaradıcılıq taleyini C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə bağlayır. Burada 40-dan çox bədii və qısametrajlı filmdə çalışır. “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Səhər”, “İstintaq davam edir”, “Qanun naminə”, “Leyli və Məcnun”, “Romeo mənim qonşumdur”, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Bizim küçə”, “Görüş” filmlərində maraqlı obrazlar yaradır, aparıcı obrazları səsləndirir. Bir sıra ekran əsərlərində əsas obrazların sevilməsində onun məlahətli səsinin xüsusi rolu olub. Keçmiş ümumittifaq məkanında böyük şöhrət qazanan Xalq artisti Nodar Şaşıqoğlunun ekran obrazlarının çoxunu Ə.Zeynalov səsləndirib.

   Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan sənətkar bədii qiraət ustası kimi də insanların rəğbətini qazanıb. Belə bir deyim var ki, əsl aktyorlar ikinci ömrünü yaratdığı obrazlarda yaşayır və tez-tez xatırlanır. Bir də deyirlər, əvəzedilməz insan-sənətkar yoxdur. Ancaq efir-ekrandan gördüklərimiz və eşitdiklərimizdən belə qənaətə gəlirik ki, Ə.Zeynalov kimi sənətkarlar, həqiqətən, əvəzedilməzdir.

   Uzun müddət indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnindən dərs deyən Əli Zeynalov 3 yanvar 1988-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov  

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.11.