İstiqlal Muzeyində “açıq dərs”

 

   Martın 31-də İstiqlal Muzeyində Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “açıq dərs” keçirilib.

   Paytaxtın 225 saylı məktəbi və “İdrakliseyi şagirdlərinin qatıldığı tədbirdə 1918-ci ilin mart-aprel və sonrakı aylarda erməni silahlı dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən kütləvi qırğınlardan bəhs edilib. Vurğulanıb ki, təkcə Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

   Muzeyin elmi işçiləri Fəxriyyə Əliyeva, Gülay Ramazanova, Sufayi Məmmədova mövzu ilə bağlı mühazirələrlə çıxış ediblər. Dərsin sonunda Bakı soyqırımına həsr olunmuş film nümayiş olunub, şagirdlərlə “Tarixin yaddaşı” adlı intellektual müsabiqə keçirilib. Şagirdlər şeirlər söyləyiblər.

  

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.14.